Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
Berlin, 29 sentyabr, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almaniyaya səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Qazaxıstan dövlət başçısı Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb. Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, siyasi dialoqun dərinləşdirilməsi və regional təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Prezidentlər iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsini və strateji əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutan Birgə Bəyanat imzalayıblar. Bəyanatda enerji keçidi, xammal tərəfdaşlığı, nəqliyyat-logistika əlaqələri və mühüm regional infrastrukturların inkişafı sahəsində əməkdaşlığın vacibliyi vurğulanır.
Sənəddə hər iki prezident Trans-Xəzər Nəqliyyat Dəhlizinin Asiya ilə Avropa arasında nəqliyyat və ticarət şəbəkəsi üçün strateji əhəmiyyətini vurğulayıblar. Dövlət başçıları nəqliyyat əlaqələrinin şaxələndirilməsinə, ticarət əlaqələrinin dərinləşməsinə və iqtisadi dayanıqlılığın gücləndirilməsinə töhfə verən etibarlı və rəqabətli bir marşrut kimi Trans-Xəzər Nəqliyyat Dəhlizinin daha da inkişafını alqışlayıblar.
Sonra Frank-Valter Ştaynmayer və Kasım-Jomart Tokayev Berlində təşkil olunmuş Almaniya-Qazaxıstan Biznes Forumunun açılış mərasimində iştirak ediblər. Almaniya Prezidenti Forumdakı çıxışında iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini, Qazaxıstanın Mərkəzi Asiyada Almaniyanın əsas ticarət tərəfdaşı olduğunu bildirib.
Qazaxıstan Prezidenti səfər çərçivəsində Almaniya Kansleri Fridrix Merts ilə də görüşüb.