Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da “Four Seasons” hotelində Azərbaycan Basketbol Federasiyasının (ABF) 2026/27 mövsümünün başlanması və ötən mövsümün hesabatına həsr olunmuş tədbir baş tutub.
Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə federasiyanın mətbuat katibi Sənan Əliyev son mövsümün hesabatını təqdim edib. O, federasiyanın ötən mövsümdə həyata keçirdiyi layihələr, beynəlxalq turnirlərdə qazanılan uğurlar və yaxın gələcəkdə planlaşdırılan yeniliklər barədə ətraflı məlumat verib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə basketbolun inkişaf istiqamətləri və bu sahədə atılan addımlardan bəhs edib. O, Azərbaycan basketbolunun milli və klub səviyyəsində beynəlxalq müstəvidə böyüyən uğurlarından da söz açıb.
ABF-nin prezidenti Emin Əmrullayev federasiyanın fəaliyyət prinsiplərinə toxunub və yerli çempionatın daha da rəqabətli olmasından danışıb.
Sonda Emin Əmrullayev federasiyanın rəsmi tərəfdaşlarına və hakimlərə xüsusi hədiyyələr təqdim edib. Ardınca media nümayəndələri üçün brifinq təşkil olunub. Jurnalistlərin suallarını cavablandıran federasiya rəhbəri yeni mövsümün basketbol ictimaiyyəti üçün daha da maraqlı olacağına inandığını bildirib.
Qeyd edək ki, ölkəmizdə yeni basketbol mövsümü 30 sentyabr tarixində start götürəcək.