Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO
Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı Kitab Mərkəzində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın yaradıcılığına həsr olunmuş “Sənsiz” adlı ədəbi-musiqili gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Əməkdar müəllim Təranə Yusifovanın bədii rəhbərliyi və dirijorluğu ilə Cahangir Cahangirov adına Xor Kollektivi Dövlət Himnini səsləndirib.
Gecə boyunca Üzeyir Hacıbəylinin müxtəlif illərdə ərsəyə gətirdiyi əsərlər Muğam Müsabiqəsinin laureatlarının ifasında təqdim olunub.
Proqram çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Vətən müharibəsi veteranı Atəş Qarayev “Sevgili canan” romansını oxuyub. Solisti fortepianoda Tofiq Şıxıyev müşayiət edib.
Ədəbi hissədə bədii qiraətçi və aktrisa Səbirə Abdullayeva Bəxtiyar Vahabzadənin “Dərinlik” şeirini səsləndirib.
Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin vokal qrupunun üzvləri Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından səhnələri nümayiş etdiriblər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fatimə Cəfərli “Koroğlu” operasından Nigarın ariyasını ifa edib.
Gecənin yekununda Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi “Sənsiz” romansı Nihad Orucovun ifasında təqdim olunub.