Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb
Paris, 29 sentyabr, AZƏRTAC
Fransada dövlət sektorunda çalışanların sentyabrın 29-da keçirdiyi ümummilli tətil və nümayişlərdə sayı ilə bağlı hökumət və həmkarlar ittifaqları fərqli rəqəmlər açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə 206 min, o cümlədən Parisdə 30 min nəfər nümayişlərə qatılıb. CGT isə iştirakçıların sayının ölkə üzrə 300 min, paytaxtda isə 70 min nəfər olduğunu açıqlayıb.
CGT, FO, CFDT, UNSA, FSU, Solidaires, CFE-CGC və FA-FP həmkarlar ittifaqları dövlət qulluqçularının əməkhaqlarının artırılmasını və dövlət xidmətlərinin qarşısında duran vəzifələrə uyğun maliyyə vəsaitlərinin ayrılmasını tələb edirlər. Tətil 2027-ci il büdcə layihəsinin təqdimatından iki gün əvvəl keçirilib.
Dövlət qulluğunun müxtəlif sahələrində də tətilə qoşulma qeydə alınıb. Günorta saatlarına olan məlumatlara əsasən, dövlət idarələrində çalışanların 9,64 faizi, yerli idarələrdə çalışanların 5,68 faizi, xəstəxana sektorunda isə 4,5 faizi tətil edib.
Təhsil sahəsində tətilə qoşulma səviyyəsi 11,47 faiz təşkil edib. Müəllimlər arasında bu göstərici 13,71 faiz olub.
Etirazlar bəzi liseylərin qarşısında blokadalarla da müşayiət olunub. Daxili İşlər Nazirliyinin məlumatına görə, nümayişlər və liseylər ətrafındakı blokadalar zamanı 40 nəfər saxlanılıb. Milli Təhsil Nazirliyi isə 338 təhsil müəssisəsində müxtəlif aksiyalar və ya fəaliyyətə maneələr qeydə alındığını, şagirdlər və əməkdaşlar arasında 10 nəfərin xəsarət aldığını açıqlayıb.
Bordo şəhərindəki Monten liseyinin yaxınlığında keçirilən aksiya zamanı isə prefekturanın məlumatına görə, aerozol balonunun partlaması nəticəsində bir yanğınsöndürən xəsarət alıb.