Ədəbiyyat İnstitutunun loqotipi yenilənib
Bakı, 30 sentyabr, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda Elmi Şuranın üzvləri, AMEA Rəyasət Heyətinin Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron Xidmətlər şöbəsinin əməkdaşları, eləcə də gündəlikdəki məsələlərlə bağlı aidiyyəti şəxslər iştirak ediblər. Tədbirdə Ədəbiyyat İnstitutunun yeni loqotipi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Akademik İsa Həbibbəyli institutun elmi və ictimai fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə təqdim olunması baxımından loqotipin yenilənməsinin əhəmiyyətini vurğulayıb. O, müasir dövrdə elmi müəssisələrin vizual kimliyinin və institusional təqdimatının da yeni çağırışlara uyğunlaşdırılmasının vacibliyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın loqotipinin də yeniləndiyini qeyd edərək, Ədəbiyyat İnstitutunun yeni loqotipinin hazırlanmasını bu prosesin tərkib hissəsi kimi dəyərləndirib. Aparılan fikir mübadiləsindən sonra institutun yeni loqotipi Elmi Şuranın qərarı ilə təsdiqlənib.