Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır
Bakı, 30 sentyabr, AZƏRTAC
Xaqani Şirvani Azərbaycan ədəbiyyatının nəhəng simalarından biridir. XII əsrdə yaşayıb-yaratmış böyük şair Azərbaycan ədəbiyyatında təsəvvüf və sufi düşüncəsinin, eləcə də dövrü üçün fərqli sayılan bir sıra poetik janr və mövzuların inkişafında mühüm rol oynayıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Xaqani Şirvaninin həyatı mürəkkəb tarixi dövrə təsadüf edib və ziddiyyətlər içərisində keçib. Şirvanda doğulan şair bir müddət saray mühitində yaşayıb və saray şairi kimi tanınıb. Lakin sonralar xalqın içindən çıxdığını və xalqa bağlılığını hər cür tituldan üstün tutub. Bu mövqeyini yaradıcılığında da ifadə edərək yazırdı: “İstəmirəm adımı çağırsınlar Xaqani, mən yoxsullar şairi Xəlqaniyəm”.
“Təəssüf ki, Xaqaninin həyat yolu da yaradıcılığı qədər mürəkkəb və ziddiyyətli olub. Şirvanşahların əmri ilə həbs edilərək Şabran qalasında saxlanılıb. Sonralar Təbrizə, oradan isə Bağdada gedib. Bütün çətinliklərə baxmayaraq, şair öz mövqeyini dəyişməyib, doğma yurda və Azərbaycan ədəbi mühitinə bağlılığını qoruyub saxlayıb”, – deyə deputat bildirib.
Hikmət Babaoğlu qeyd edib ki, Xaqani Şirvaninin XII əsr İslam dünyasında böyük nüfuzu olub. Bağdadda olduğu dövrdə xəlifə ona xüsusi məvacib ayırıb, Dəclə çayının sahilində yaşaması üçün ev verib. Buna baxmayaraq, şair həmin dövrün mühüm siyasi və mədəni mərkəzlərindən biri sayılan Bağdadda qalmaqdan imtina edərək yenidən Təbrizə qayıdıb və ömrünün sonunadək burada yaşayıb.
Deputat vurğulayıb ki, görkəmli şəxsiyyətlərimizin yubileylərinin dövlət səviyyəsində qeyd olunması ədəbiyyatımızın böyük simalarını, ziyalılarımızı və ictimai fikir tariximizin formalaşmasında mühüm rol oynamış şəxsiyyətləri yenidən və daha dərindən öyrənmək üçün geniş imkanlar yaradır.
“Əsas məqsədlərdən biri ədəbi yaddaşımızla milli-mədəni kimliyimiz arasında möhkəm körpü yaratmaq, Xaqani irsini, onun şəxsiyyətini və formalaşdırdığı ədəbi ənənələri gənc nəslə çatdırmaqdır. Bu baxımdan Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd olunması həm Azərbaycanın ədəbi-mədəni mühiti, həm də geniş oxucu auditoriyası və ictimaiyyət üçün mühüm hadisədir”, – deyə Hikmət Babaoğlu fikrini yekunlaşdırıb.