FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur
Bakı, 30 sentyabr, AZƏRTAC
Dünyada 460 milyon hektardan çox meşə sahəsi deqradasiyaya uğrayıb.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Dünya meşələrinin vəziyyəti – 2026” hesabatında bildirilir.
AZƏRTAC FAO-nun saytına istinadla xəbər verir ki, hesabata əsasən, hazırda 206,5 milyon hektar meşədə bərpa işləri aparılır.
FAO qeyd edir ki, meşələrin deqradasiyası meşə örtüyünün qorunmasına baxmayaraq, onların vəziyyətinin pisləşməsi deməkdir. Bu, müəyyən ərazidə ağacların tamamilə məhv olması ilə nəticələnən meşəsizləşmədən fərqlənir. 1990–2025-ci illərdə dünyada ağacların qırılması nəticəsində 489 milyon hektar meşə sahəsi məhv edilib.
91 ölkə və hökumətlər 190 milyon hektardan çox meşənin bərpası ilə bağlı öhdəlik götürüb.
FAO vurğulayır ki, səmərəli bərpa işləri yalnız ağacların əkilməsini deyil, həm də torpağın və su ehtiyatlarının vəziyyətinin, torpaqdan istifadənin xüsusiyyətlərinin və yerli icmaların maraqlarının nəzərə alınmasını tələb edir. Belə layihələrin uğuru əhalinin iştirakı, davamlı maliyyələşdirmə və torpaqdan istifadə sahəsində əlaqələndirilmiş siyasətdən də asılıdır.
Təşkilat qeyd edir ki, meşələrin bərpası yalnız biomüxtəlifliyin qorunması və iqlim dəyişikliyi ilə mübarizə baxımından deyil, həmçinin ərzaq təhlükəsizliyinin və milyonlarla insanın gəlirlərinin təmin edilməsi baxımından da əhəmiyyət daşıyır.