Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da görkəmli arxeoloq, professor Hidayət Cəfərovun 80 illik yubileyinə həsr olunmuş
“Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda beynəlxalq elmi konfransın açılışı keçirilib.
AZƏRTAC xəbər verir ki, elmi konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Azərbaycan arxeologiya elminin formalaşması və inkişafında arxeoloji məktəblərin rolunu xüsusi vurğulayıb. Akademik bildirib ki, XX əsrin əvvəllərindən etibarən Azərbaycanda aparılan arxeoloji qazıntılar əsasən xarici ekspedisiyaların rəhbərliyi altında həyata keçirilib. Sonrakı mərhələdə tədqiqatlara azərbaycanlı alimlər rəhbərlik ediblər və ölkədə arxeoloji məktəblər formalaşıb. Həmin məktəblər yeni nəsil arxeoloqların yetişməsinə mühüm töhfə verib. Müstəqillik dövründə Azərbaycan arxeologiya elmi bu ənənələr üzərində inkişaf edib.
Akademik İsa Həbibbəyli görkəmli arxeoloq, tarix elmləri doktoru, professor Hidayət Cəfərovun Azərbaycan arxeologiya elminin aparıcı simalarından biri olduğunu diqqətə çatdırıb. O, Hidayət Cəfərovun yeni elmi məktəb formalaşdıran alimlərdən biri olduğunu vurğulayıb.
AMEA prezidenti bildirib ki, həm Qarabağın işğalına qədər olan dövrdə, həm də ərazilərimizin işğaldan azad edilməsindən sonra bölgənin arxeoloji tədqiqi Hidayət Cəfərovun araşdırmalarında və qazıntılarında aparıcı istiqamətlərdən birini təşkil edib.
Çıxışında alimin elmi irsinin yazılı şəkildə sistemləşdirilməsinin əhəmiyyətinə də toxunan akademik İsa Həbibbəyli qeyd edib ki, aparılan tədqiqatların kitablara, məqalələrə və digər elmi nəşrlərə çevrilməsi böyük əhəmiyyət daşıyır.