Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır
Bakı, 30 sentyabr, AZƏRTAC
Kənd təsərrüfatı hər bir ölkənin iqtisadi və sosial inkişafında mühüm rol oynayan sahələrdən biridir. Əhalinin ərzaqla təmin olunması, məşğulluğun artırılması, kənd yerlərinin inkişafı və yerli istehsalın genişləndirilməsi baxımından aqrar sektorun əhəmiyyəti böyükdür. Müasir dövrdə kənd təsərrüfatının inkişafı yalnız ərzaq istehsalının artması deyil, bütövlükdə ölkə iqtisadiyyatının dayanıqlı və tarazlı inkişafı deməkdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Mehriban İmanova deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır.
“Yerli kənd təsərrüfatı məhsullarının istehsalının artması əhalinin əsas ərzaq məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsinə kömək edir. Bu isə xaricdən ərzaq idxalından asılılığın azalmasına və ölkənin iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə imkan yaradır. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” olduqca aktual xarakter daşıyır və günün tələblərinə cavab verir. Proqramın icrası aqrar sektor, həmçinin məşğulluğun artmasında mühüm əhəmiyyət daşıyacaq. Kənd təsərrüfatının inkişafı nəticəsində əkinçilik, heyvandarlıq, bağçılıq və digər sahələrdə yeni iş imkanları yaranır. Bundan əlavə, kənd təsərrüfatı ilə əlaqəli emal müəssisələri, logistika, nəqliyyat, anbar və ticarət sahələrinin genişlənməsi də əlavə məşğulluq imkanları yaradır. Beləliklə, aqrar sektorun inkişafı xüsusilə kənd əhalisinin gəlirlərinin artmasına və sosial rifahın yüksəlməsinə müsbət təsir göstərir. Kənd təsərrüfatının inkişafı ölkənin ixrac potensialının artmasına da kömək edir. Keyfiyyətli və rəqabətqabiliyyətli meyvə-tərəvəz, pambıq, çay, fındıq, üzüm, süd və digər məhsulların xarici bazarlara çıxarılması ölkəyə əlavə valyuta gəlirlərinin daxil olmasına şərait yaradır. İxracın genişlənməsi yerli istehsalçıların fəaliyyətinin stimullaşdırılmasına və milli iqtisadiyyatın xarici bazarlarda mövqeyinin güclənməsinə səbəb olacaq”, - deyə Mehriban İmanova vurğulayıb.
İqtisad elmləri üzrə fəlsəfə doktoru qeyd edib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq fermer məlumatlarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə uçotu və dövlət dəstəyinin bu sistem üzərindən təşkil edilməsi genişləndirilir: “Texnikalardan istifadəyə 50, damcı suvarma sistemləri üzrə isə 60 faiz güzəştlərin tətbiqi inkişaf üçün böyük stimul yaradıb. Nəticə olaraq kənd təsərrüfatının inkişafı ölkə iqtisadiyyatına çoxşaxəli müsbət təsir göstərəcək. Bu inkişaf ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, məşğulluğun və əhalinin gəlirlərinin artmasına, ixrac imkanlarının genişlənməsinə, regionların inkişafına və sənaye sahələrinin xammalla təmin olunmasına şərait yaradır. Buna görə də kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişaf etdirilməsi, məhsuldarlığın artırılması və fermerlərin istehsal imkanlarının genişləndirilməsi ölkənin uzunmüddətli iqtisadi inkişafının mühüm istiqamətlərindən biri olacaq”.