Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir
Moskva, 30 sentyabr, AZƏRTAC
Rusiya şirkətləri Bakıda keçirilən “ADEX-2026” Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində 730 adda hərbi məhsul təqdim edir.
AZƏRTAC xəbər verir ki, sərginin vahid Rusiya pavilyonunda bu ölkənin müdafiə sənayesinin aparıcı müəssisələri iştirak edəcək.
“Rosoboronexport” şirkətinin mətbuat xidmətinin məlumatına görə, şirkətin baş direktoru Aleksandr Mixeyev bildirib ki, Rusiya sərginin ənənəvi iştirakçısıdır. O əlavə edib: “Bakıda uzun müddətdir mehriban qonşuluq münasibətlərimiz olan Xəzəryanı ölkələrin üzləşdiyi təhdid və çətinliklərin həlli üçün diqqətlə seçilmiş ən son müdafiə məhsullarımızı nümayiş etdiririk”.
Rusiya pavilyonunda pilotsuz uçuş aparatları və döyüş sursatları, dron əleyhinə sistemlər, aviasiya avadanlıqları, artilleriya və raket sistemləri, eləcə də kiçik silahlar yer alır.
Xüsusilə, “Lancet-E” kəşfiyyat və zərbə sistemi, pilotsuz uçuş aparatları, “Kub” ailəsinin döyüş sursatlarının ixrac versiyası, RUS-PE daşınan kəşfiyyat və zərbə sistemi və “Skat-350M” kəşfiyyat dronu nümayiş etdiriləcək.
Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətindən verilən məlumata görə, Rusiya nümayəndə heyəti “ADEX - 2026” sərgisində xarici tərəfdaşlarla ikitərəfli hərbi-texniki əməkdaşlığı müzakirə etmək üçün görüşlər də keçirəcək.
Rusiya pavilyonunda digər şirkətlərlə yanaşı, “Tactical Missiles”, “Technodinamika”, “Kalaşnikov Concern”, “Aeroscan” və digər müdafiə sənayesi şirkətləri təmsil olunur.
“ADEX-2026” Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi 30 sentyabr - 2 oktyabr tarixlərində Bakıda keçirilir.