Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH
Bakı, 30 sentyabr, AZƏRTAC
Hazırda qlobal valyuta bazarlarında əsas valyutaların məzənnəsinə bir sıra amillər təsir edir. Əsas valyutalar deyəndə, rezerv valyutaları nəzərdə tutulur. Burada ABŞ dolları, İngiltərə funtu, avro və Yaponiya yenini – əsasən bu dörd valyutanı qeyd etmək olar. Avstraliya, Yeni Zelandiya və Kanada dollarları da qlobal valyuta bazarında müəyyən rola malikdir. Lakin onların təsiri ikinci dərəcəlidir. Çünki bu valyutaların dünya iqtisadiyyatında kapitalizasiyası və qlobal valyuta rezervlərində iştirakı məhduddur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında maliyyə bazarları üzrə ekspert Azər Balamedov deyib.
A.Balamedov qeyd edib ki, əsasən birinci növbədə ABŞ dolları və avro önə çıxır. Onların dünya valyuta rezervlərində iştirakı İngiltərə funtu ilə müqayisədə də daha böyükdür. Dünyada təxminən 200 ölkə var və bu ölkələrin demək olar ki, hamısının valyuta rezervlərində həm avro, həm də ilk növbədə ABŞ dolları yer alır. Bundan başqa, dünya kapital bazarları da birbaşa ABŞ dolları ilə bağlıdır. Bu baxımdan həmin valyutaların hərəkəti dünyada gedən proseslərin əsas drayverlərindən biri hesab olunur. Burada birinci növbədə Federal Ehtiyatlar Sisteminin (FED) faiz siyasətini qeyd etmək lazımdır. Son iclasda Federal Ehtiyatlar Sistemi faiz artımına gedərək uçot dərəcəsini 0,25 faiz artırdı. Bununla yanaşı, Avropa Mərkəzi Bankının, İngiltərə Bankının və Yaponiya Bankının apardığı siyasət də əsas amillərdəndir. Aparıcı mərkəzi bankların faiz siyasətinə, öz növbəsində, inflyasiya və əmək bazarında gedən proseslər təsir edir. Eyni zamanda, ümumi daxili məhsul, yəni iqtisadi inkişaf templərinin artması və ya zəifləməsi də faiz siyasətinin formalaşmasında mühüm amildir. Beləliklə, əsas amil Federal Ehtiyatlar Sisteminin və digər aparıcı mərkəzi bankların faiz siyasətidir. Bu siyasətə təsir edən əsas faktorlar isə inflyasiya, əmək bazarında gedən proseslər və iqtisadi inkişaf templəridir.
“Məsələn, Avrozonada, xüsusilə Almaniyada artıq bir neçə ildir ki, resessiya prosesi gedir və iqtisadi inkişaf templərində ciddi artım müşahidə olunmur. Bununla yanaşı, qlobal valyuta bazarında valyutaların məzənnəsinə iqtisadi amillərlə yanaşı, hərbi-siyasi arenada baş verən proseslər də birbaşa təsir göstərir. Dünyada baş verən proseslərə nəzər saldıqda, xüsusilə hərbi-siyasi kontekstdə stabilləşmənin baş vermədiyini görürük. Yaxın perspektivdə, 2030-cu ilə qədər burada ciddi pozitivlikdən danışmaq çətindir. Aparılan həm fundamental, həm də texniki təhlillər göstərir ki, ümumiyyətlə 2050-ci ildən söhbət gedir. Lakin 2050-ci il çox uzaq perspektivdir. 2036-cı il də nisbətən uzaqdır. Ən yaxın perspektiv isə 2030-cu ildir. 2030-cu ilə qədər vəziyyətin sistematik olaraq gərginləşməsi, yəni bu gərginliyin artması gözlənilir. Müəyyən vaxtlarda hərbi-siyasi arenada sülh prosesləri haqqında məlumatlar mətbuata və kütləvi informasiya vasitələrinə daxil olur. Lakin bunlar korreksiya xarakterli məlumatlardır və müvəqqəti xarakter daşıyır. Tarix göstərir ki, sülh prosesləri müvəqqəti xarakter daşıya bilər. Hər bir sülh prosesi bir ay, bir neçə ay və ya bir neçə il davam edə bilər. Növbəti mərhələdə isə yeni münaqişələrə hazırlıqdan söhbət gedə bilər. Bütün bu proseslər – iqtisadi, siyasi və hərbi proseslər – aparıcı valyutaların məzənnəsinə birbaşa və ya dolayısı ilə təsir göstərir”, - deyə ekspert bildirib.
O əlavə edib ki, Azərbaycan manatına gəldikdə isə hazırda manatın özünün ciddi problemi yoxdur: “Azərbaycan manatı artıq 10 ildən çoxdur ki, ABŞ dollarına bağlıdır və inzibati yolla idarə olunur. Dollar güclənirsə, manat da güclənir, dollar zəifləyirsə, manat da zəifləyir. Lakin dünyada gedən proseslər, xüsusilə inflyasiya prosesləri manatın məzənnəsinə birbaşa deyil, dolayısı ilə, yəni qiymət artımı və inflyasiya vasitəsilə təsir göstərir.
Dünya inflyasiyası ABŞ-də, Böyük Britaniyada və əsasən də Avrozonada baş verən inflyasiya prosesləri Azərbaycana da müəyyən formada ötürülür. Əslində, bu proseslər yalnız Azərbaycana deyil, bütün dövlətlərə təsir edir. Azərbaycan da dünya iqtisadiyyatının bir hissəsidir. Ona görə də dünyada baş verən problemlərin Azərbaycanda ümumiyyətlə hiss olunmaması mümkün deyil. Lakin manat inzibati yolla idarə olunduğuna görə dollar/manat məzənnəsi təxminən 1,70 manat səviyyəsindədir. Əgər manat dollara bağlanıbsa, deməli, Azərbaycan manatı dünya valyuta sistemi ilə birbaşa əlaqəlidir. Çünki digər valyutaların da böyük hissəsi müəyyən mənada dollarla əlaqəlidir”.
“Dünyada inflyasiya prosesləri hələ də davam edir, iqtisadi inkişaf templərində isə zəifləmə müşahidə olunur. Avropanı götürsək, iqtisadi inkişaf templəri zəifdir. ABŞ-də müəyyən qədər müsbət artım ola bilər, Böyük Britaniyada da müəyyən artım mümkündür. Yaponiyada isə uzun müddətdir resessiya və deflyasiya proseslərindən danışılır. Beləliklə, dünyada baş verən proseslər valyutalara, valyutalar da öz növbəsində yerli valyutalara təsir göstərir. Azərbaycan manatına gəldikdə, hazırda manatın özünün ciddi problemi yoxdur. Yaxın perspektivdə də belə bir risk görünmür. Lakin inflyasiyanı hiss edirik, yəni qiymət artımı var. Belə bir vəziyyət yaranır ki, dollar da zəifləyir, manat da dollarla birlikdə zəifləyir. Ona görə də elə bir təsəvvür yaranır ki, manat stabildir. Əslində isə manat dollara nisbətdə stabildir, amma dolların özü dünya miqyasında dəyər itirir.
ABŞ dollarının emissiyası davam edir. Amerika Birləşmiş Ştatlarının dövlət borcu 40 trilyon dollara yaxınlaşır, bəlkə də artıq bu səviyyəni keçib. Belə böyük dövlət borcu olan bir ölkənin mərkəzi bankının emissiya etdiyi valyutanın dəyər itirməsi müəyyən mənada başa düşüləndir. 1976-cı ildən etibarən dolların emissiyası əvvəlki məhdudiyyətlərdən kənar şəkildə həyata keçirilir. 2008-ci ildən bu tərəfə isə pul emissiyasının daha böyük sürətlə həyata keçirildiyi müşahidə olunur. Dünyada müsbət proseslər baş verərsə, onların təsiri də Azərbaycanda hiss olunacaq”, - deyə ekspert vurğulayıb.