AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur
Bakı, 30 sentyabr, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclasında rəqəmsallaşma və süni intellekt sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. İclasda AMEA prezidenti akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, rəqəmsal transformasiyanın təmin olunması məqsədilə Akademiyanın elmi müəssisələrində mövcud ştat vahidləri və daxili imkanlar hesabına rəqəmsal inkişaf və süni intellekt üzrə müvafiq şöbələr yaradılıb. Eyni zamanda, müəssisələrdə “Elmi işlər və rəqəmsallaşma üzrə direktor müavini” vəzifəsi təsis edilib.
Rəqəmsallaşmanın müasir elmi fəaliyyətin əsas istiqamətlərindən birinə çevrildiyini vurğulan akademik İsa Həbibbəyli bunun zamanın qaçılmaz tələbi olduğunu bildirib. Qeyd edib ki, Akademiyada rəqəmsal transformasiya və süni intellekt üzrə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Rəyasət Heyətində Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron Xidmətlər Mərkəzi yaradılıb. Bu istiqamətdə görülən işlər sistemli şəkildə davam etdirilir və hər üç aydan bir həyata keçirilən fəaliyyətin nəticələri barədə Rəqəmsal İnkişaf Şurasına hesabat təqdim olunur.
Daha sonra Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsallaşma üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənli AMEA-nın İnsan Resursları və Elmmetrik Məlumatlar Bazasında (İREMB) yaradılmış Elmi Fəaliyyətin Rəqəmsal Dəyərləndirilməsi Meyarları (EFRDM) əsasında elmi fəaliyyətin rəqəmsal qiymətləndirilməsi sistemi haqqında məlumat verib.
O, sistem vasitəsilə əməkdaşların elmi hesabatlarının şəxsi kabinet üzərindən elektron formada təqdim ediləcəyini, elmi fəaliyyət göstəricilərinin müəyyən edilmiş meyarlar əsasında balla qiymətləndiriləcəyini bildirib. Mehman Həsənli qiymətləndirmənin müxtəlif kateqoriyalar üzrə aparılacağını, illik nəticələrin formalaşdırılacağını və əldə olunan göstəricilər əsasında əməkdaşların reytinq mövqeyinin müəyyənləşdiriləcəyini diqqətə çatdırıb.
Qeyd edib ki, elmi fəaliyyətin rəqəmsal qiymətləndirilməsi sistemi AMEA-nın elmi müəssisələri arasında ilk dəfə Ədəbiyyat İnstitutunda tətbiq olunur. Sistemin səmərəli istifadəsi və idarə edilməsi məqsədilə oktyabr ayından institut əməkdaşları üçün müvafiq təlimlərin keçirilməsinə başlanılacaq.
AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, Süni İntellekt və Elektron Xidmətlər şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov çıxış edərək şöbə tərəfindən elektron xidmətlərin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb.
Fariz İmranov İnsan Resursları və Elmmetrik Məlumatlar Bazası (İREMB), AMEA Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi (REİRS) və Sözlərin Universal Funksionallıqla İşlənilməsi (AMEA SUFİ) sistemi haqqında ətraflı məlumat verib. O, bu rəqəmsal platformaların elmi fəaliyyətin idarə olunması, məlumatların sistemləşdirilməsi və elmi informasiya resurslarından səmərəli istifadənin təmin edilməsində rolunu diqqətə çatdırıb.
Şöbə müdiri, həmçinin elmi məhsulların rəqəmsal mühitdə müəllif hüquqlarının qorunması məsələsinə toxunub. Bildirib ki, AMEA-da elmi fəaliyyətin rəqəmsal qiymətləndirilməsi məqsədilə hazırlanmış EFRDM çərçivəsində 11 kateqoriya üzrə 107 meyar müəyyənləşdirilib. Bu meyarlar elmi fəaliyyətin müxtəlif istiqamətlərinin daha sistemli, şəffaf və ölçüləbilən şəkildə qiymətləndirilməsinə imkan verir.