Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB
Bakı, 30 sentyabr, AZƏRTAC
Biləsuvar rayonunda baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, agentliyin mütəxəssisləri tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
İlkin araşdırma zamanı hadisənin Biləsuvarda evdə təşkil olunan məclisdə baş verdiyi müəyyən edilib. Araşdırmaların nəticələrinə uyğun müvafiq tədbirlər görüləcək.
AQTA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, kütləvi tədbirlərdə qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir. Qidaların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmaması qida zəhərlənmələri riskini artıra bilər.
10:23
Biləsuvar rayonuna qonaq gedən Cəlilabad sakinlərindən 10 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə onlar Biləsuvar rayonunda məclisdə iştirak etdikdən sonra baş verib. Belə ki, məclisdə iştirak edən ailə üzvləri Cəlilabaddakı evlərinə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.
Onlardan 10 nəfər, o cümlədən azyaşlılar zəhərlənmə şübhəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
İlkin ehtimala görə, onların mərasim zamanı qəbul etdikləri qidadan zəhərləndikləri bildirilir.
TƏBİB-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sentyabrın 29-da saat 23:00 radələrində zəhərlənmə şübhəsi ilə 10 nəfər (5 kişi, 5 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.
Müxbir - İlkin Adıyev