AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Pakistanın Şimal Universitetinin prezidenti Taha Jamil Savarla görüşüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyatı Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. Diqqətə çatdırıb ki, Mərkəzdə Pakistanla bağlı Azərbaycan, urdu və ingilis dillərində nəşrlər toplanır və bu resurslardan Pakistan üzrə tədqiqat aparan, məqalə və dissertasiya hazırlayan tədqiqatçılar istifadə edirlər.
Akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin Pakistanın akademik qurumları ilə birgə konfranslar, layihələr təşkil etdiyini, nəşrlər ərsəyə gətirdiyini deyib. Vurğulayıb ki, AMEA ilə Pakistan Ədəbiyyat Akademiyası, Lahor Kollec Universiteti və Müslim İnstitutunun əlaqələri genişlənib. Pakistan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd İqbalın əsərləri urdu dilindən Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub, həmçinin onun yaradıcılığına həsr edilmiş monoqrafiya hazırlanıb. Pakistan ədəbiyyatının klassiklərindən Sultan Bahunun əsərləri Azərbaycan dilinə tərcümə edilib və yaxın günlərdə işıq üzü görəcək. AMEA ilə Lahor Kollec Universitetinin birgə layihəsi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş kitab urdu dilində Pakistanda nəşr edilərək Pəncab vilayətində təqdimatı keçirilib.
AMEA rəhbəri, həmçinin Azərbaycan və Pakistan alimləri arasında akademik mübadilə həyata keçirildiyini, Lahor Kollec Universitetinin tədqiqatçılarının AMEA-da elmi araşdırmalar apardığını qeyd edib.
Pakistanın Şimal Universitetinin prezidenti Taha Jamil Savar rəhbərlik etdiyi universitetdə Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi istiqamətində əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildirib. Həmçinin universitetdə Azərbaycanla bağlı mərkəzin yaradılması təşəbbüsünü irəli sürüb. Onun sözlərinə görə, belə bir mərkəzdə Azərbaycanla bağlı kitab və nəşrlərin toplanması ölkəmiz haqqında məlumatların Pakistan ictimaiyyətinə, tələbə və tədqiqatçılara çatdırılmasına və iki ölkə arasında elmi-mədəni əlaqələrin daha da möhkəmlənməsinə imkan verə bilər.
Görüşdə süni intellekt sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Taha Jamil Savar rəhbərlik etdiyi universitetdə süni intellekt istiqamətində aparılan araşdırmalar, müvafiq departament və tədqiqat mərkəzinin fəaliyyəti, eləcə də məlumat mərkəzinin imkanları barədə məlumat verib.
Akademik İsa Həbibbəyli AMEA-da Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər mərkəzinin fəaliyyət göstərdiyini bildirib və bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulayıb.
Görüşün sonunda AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb.