Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır
Bakı, 30 sentyabr, AZƏRTAC
Professor Hidayət Cəfərov Azərbaycan elmində öz dəst-xəti olan görkəmli alimlərdəndir. Onun xüsusilə Qarabağ arxeoloji ekspedisiyasında və yaşayış məskənlərinin tədqiqində mühüm xidmətləri olub.
AZƏRTAC xəbər verir ki, bunu SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri dosent Ruhəngiz Heydərova Hidayət Cəfərovun 80 illik yubileyinə həsr olunmuş “Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda beynəlxalq elmi konfransda söyləyib. O qeyd edib ki, arxeologiya elmi yalnız keçmişi maddi tapıntılar vasitəsilə sübut etməklə məhdudlaşmır. Bu elm həm də tarixi yaddaşın qorunmasına və əldə olunan məlumatların gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bu istiqamətdə Hidayət Cəfərovun da böyük rolu olub.
SEBA ilə Arxeologiya və Antropologiya İnstitutu arasında əməkdaşlığın 2005-ci ildən başladığını bildirən Ruhəngiz Heydərova qeyd edib ki, indiyədək müxtəlif layihələr, konservasiya işləri, elmi və publisistik nəşrlər, habelə elmi hesabatlar hazırlanıb. Əməkdaşlıq yalnız ayrı-ayrı layihələrlə məhdudlaşmayıb, 2019-cu ildən etibarən beynəlxalq səviyyədə, Azərbaycan Milli Elmlər Akademiyasının və müxtəlif ölkələrdən olan arxeoloqların iştirakı ilə davam etdirilib.
Ruhəngiz Heydərova müxtəlif beynəlxalq konfranslarda, o cümlədən Dəvəçidə və AMEA-nın ayrı-ayrı institutlarında keçirilən tədbirlərdə Hidayət Cəfərovla tanış olduğunu deyib. O, alimin elmi fəaliyyəti ilə yanaşı, insani keyfiyyətləri və şəxsiyyət kimi qazandığı böyük hörməti də xüsusi qeyd edib.
SEBA sədri vurğulayıb ki, Azərbaycanda elmin inkişafına, milli-mədəni ənənələrin və xalqın zəngin mədəni irsinin tanıdılmasına dövlət tərəfindən böyük dəstək göstərilir. Elm sahəsində çalışan alimlərin əməyinə verilən qiymət də qürurvericidir.