Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır
Bakı, 30 sentyabr, AZƏRTAC
Əmtəə birjalarında qızıl qiymətləri sentyabr ayını itkilərlə tamamlamağa hazırlaşır.
AZƏRTAC xəbər verir ki, qızıl bu ay 6 faiz dəyər itirib. Hazırda Nyu-Yorkun COMEX birjasında qızılın bir troya unsiyasının qiyməti 4200 dollar civarındadır.
Ekspertlərin fikrincə, qızılın qiyməti yüksək faiz dərəcəsi gözləntiləri fonunda azalır. ABŞ-də bu gün açıqlanacaq şəxsi istehlak xərcləri üzrə qiymət indeksi ilə bağlı məlumatlar pul siyasəti gözləntilərinə, xəzinədarlıq istiqrazlarının gəlirliliyinə və dollara təsir göstərə bilər. Proqnozlardan aşağı məlumatlar isə qızılı dəstəkləyə və qiymətin 4300 dollara çatmasına səbəb ola bilər.
Digər qiymətli metallar - gümüş, platin və palladium da ayı daha aşağı qiymət səviyyəsində başa vurmağa hazırlaşır.
Qeyd edək ki, “Citigroup”un analitikləri isə qızılın qiymətinin gələn ilin birinci yarısında 5000 dollar olacağını proqnozlaşdırırlar.
“J.P. Morgan” bankının analitikləri hesab edirlər ki, əsas sektorlardan qızıla tələbat əvvəllər proqnozlaşdırıldığı qədər güclü olmayacaq. “J.P. Morgan” mərkəzi bankların alışlarının və fiziki tələbin 2027-ci ildə qızılın qiymətini dəstəkləməyə davam edəcəyini gözləyir.
İyulda qızılın qiyməti son 5 ayda ilk dəfə aylıq artım tempi nümayiş etdirib.
Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcələri mühitində heç bir gəlir gətirdiyi üçün cəlbediciliyini itirir.