Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur
Bakı, 30 sentyabr, AZƏRTAC
Arxeologiya tarixin, habelə bir sıra digər elm və sahələrin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan üçün isə arxeoloji tədqiqatların əhəmiyyəti xüsusilə böyükdür. Çünki ölkə tarixinin müəyyən dövrlərinə dair yazılı mənbələr kifayət qədər azdır və Azərbaycanın qədim dövrlərdən orta əsrlərə qədər tarixinin bir sıra fundamental problemləri arxeoloji tədqiqatlar əsasında öyrənilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov professor Hidayət Cəfərovun 80 illik yubileyinə həsr olunmuş “Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda beynəlxalq elmi konfransda söyləyib.
Professor Kərim Şükürov vurğulayıb ki, Gəncə, Qəbələ, Mingəçevir və Qobustan arxeoloji ekspedisiyaları Azərbaycan arxeologiyasının tarixində mühüm səhifələr açıb. Paleolit arxeologiyasının meydana gəlməsi, Məmmədəli Hüseynovun rəhbərliyi ilə Azıx mağarasında aparılan qazıntılar, Quruçay mədəniyyətinin öyrənilməsi və digər tədqiqatlar Azərbaycan arxeologiyasının mühüm elmi nailiyyətləri sırasında yer alır. Aparılan tədqiqatlar nəticəsində Azərbaycan arxeologiyasında mühüm arxeoloji mədəniyyətlər müəyyənləşdirilib və bu sahədə elmi məktəblər formalaşıb. Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yerlərdən birini tutur. Bu nailiyyətlər görkəmli Azərbaycan arxeoloqlarının elmi fəaliyyəti ilə bağlıdır. Professor İshaq Cəfərzadə, Saleh Qazıyev, Cabbar Xəlilov, İdeal Nərimanov, Vəli Əliyev və digər görkəmli arxeoloqlar Azərbaycan arxeologiyasının inkişafına böyük töhfələr veriblər. Hidayət Cəfərov da Azərbaycan arxeologiyasının inkişafında dərin iz qoymuş görkəmli arxeoloq və tədqiqatçılardan biridir. Onun adı ilə Azərbaycan arxeologiyasında xüsusi elmi məktəb formalaşıb.
Hidayət Cəfərovun tədqiqatları arasında Xocalı kurqanları əsasında qədim Azərbaycan əhalisinin Ön Asiya ilə əlaqələrinin öyrənilməsini xüsusi qeyd edən Kərim Şükürov bu istiqamətdə əldə olunan artefaktların və elmi nəticələrin Azərbaycan tarixinin dünya miqyasında tanıdılmasında mühüm rol oynadığını bildirib.
Kərim Şükürov Hidayət Cəfərovu əvvəlki nəsil görkəmli arxeoloqlarla yeni yetişən arxeoloqlar arasında körpü kimi xarakterizə edib. Bildirib ki, alim əvvəlki nəslin əldə etdiyi elmi nailiyyətləri gənc nəslə ötürməklə mühüm tarixi missiyanı həyata keçirib. Hidayət Cəfərov uzun müddət Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən dissertasiya şurasında arxeologiya ixtisası üzrə elmi seminarın rəhbəri olub və gənc tədqiqatçıların yetişməsində mühüm rol oynayıb.