Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO
Mingəçevir, 30 sentyabr, AZƏRTAC
Gənc və yeniyetmələrdə avarçəkməyə marağı artırmaq üçün yeni addım atdıq. Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ilk günündə yarışdan sonra əvvəlcədən qeydiyyatını apardığımız həm Qarabağ Universitetinin tələbələrini, həm də şagirdləri avarçəkmə qayıqlarını idarə etməyə, bu bacarığa yiyələnməyə dəvət etdik. Hava şəraitinə baxmayaraq, təlimə maraq çox böyük idi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycan Su İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev deyib.
Onun sözlərinə görə, maraq kifayət qədər böyük olduğundan belə təlimlərin gələcəkdə də keçirilməsi planlaşdırılır: “Orada Füzulidən, Xankəndidən, Ağdamdan olanlar var idi. İstəyirik bundan sonra da həmin regionda belə təlimlər təşkil edək”.
Fərhad Əliyev hazırda Mingəçevir şəhərində davam edən beynəlxalq turnirdə yerli idmançıların qələbə şanslarını da dəyərləndirib: “İdmançılardan kanoe, kayak və akademik avarçəkmə üzrə finala çıxanlar var. Yarışda təcrübəli xarici idmançılar çoxdur, onların arasında fərqlənmək, medal qazanmaq şansımız çoxalıb”.
Xatırladaq ki, ötən gün Füzulidə startı verilən, 12 ölkədən 100-dən çox idmançının mübarizə apardığı “Mingəçevir Regatası-2026” beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan ümumilikdə 100-dən çox gənc avarçəkən mübarizə aparır.
Müxbirlər - Vüsalə Cənnətova, Vurğun Mədətov