Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür
Bakı, 30 sentyabr, AZƏRTAC
Bugünkü konfrans böyük əhəmiyyət kəsb edir. Hər bir hadisə zaman keçdikcə yaddaşlardan silinə bilər, lakin yazıya alınan, araşdırılan və elmi əsərlərdə əks olunan məlumatlar əsrlər boyu bəşəriyyətin yaddaşında yaşayır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva professor Hidayət Cəfərovun 80 illik yubileyinə həsr olunmuş “Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda beynəlxalq elmi konfransda söyləyib.
Akademik qeyd edib ki, bu gün VIII–IX əsrlərə və sonrakı dövrlərə aid yazılı mənbələr, kitablar və tarixi sənədlər öyrənilir, tədqiq edilir və gələcək nəsillərə ötürülür. Bu baxımdan elmi fəaliyyət və yazılı irs böyük əhəmiyyət daşıyır.
Gövhər Baxşəliyeva bildirib ki, Hidayət Cəfərov əvvəlki nəsillərdən gələn zəngin elmi ənənələrdən bəhrələnərək uzun illər ərzində çalışıb, mühüm tədqiqatlar aparıb və öz təcrübəsini yeni nəsillərə ötürüb. Alimin elmi irsi və yetişdirdiyi yeni nəsil tədqiqatçılar Azərbaycan elmi üçün böyük əhəmiyyət daşıyır.