RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib
Moskva, 30 sentyabr, AZƏRTAC
Rusiyanın Dubaydakı baş konsulluğu Səudiyyə Ərəbistanında təcili eniş edən “Flydubai” təyyarəsinin pilotlarından birinin Rusiya vətəndaşı olması barədə mediada yayılan məlumatları təkzib edib.
AZƏRTAC xəbər verir ki, Rusiya diplomatik nümayəndəliyindən verilən ilkin məlumata görə, təyyarədəki pilotlar və ya sərnişinlər arasında Rusiya vətəndaşı olmayıb.
Hadisə sentyabrın 30-da FZ1073 reysi ilə Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinin təyyarəsində baş verib. Uçuş zamanı təyyarə əvvəlcə ümumi təcili siqnal ötürüb, ardınca idarəetmə sisteminə mümkün qanunsuz müdaxilə barədə məlumat vermək üçün istifadə edilən kod göndərilib. Daha sonra təyyarə istiqamətini dəyişib və Səudiyyə Ərəbistanının şimal-qərbindəki Tabuk hava limanına təhlükəsiz şəkildə eniş edib.
Əvvəlcə bir neçə media orqanı İsrailin N12 televiziya kanalına istinadla fövqəladə vəziyyətin biri rus, digəri ukraynalı olan iki pilot arasında mübahisə səbəbindən baş verdiyini bildirib. Daha sonra ekipajın milliyyəti ilə bağlı fərqli məlumatlar ortaya çıxıb. İsrail mediası kapitanın BƏƏ, ikinci pilotun isə Oman vətəndaşı olduğunu bildirib.
“Reuters”in məlumatlı İsrail rəsmisinə istinadla verdiyi məlumata görə, təyyarədəki pilotlar arasında fiziki mübahisə baş verib və bundan sonra fövqəladə vəziyyət siqnalları ötürülüb. “Flightradar24” əvvəlcə ümumi fövqəladə vəziyyət kodu, daha sonra isə mümkün qanunsuz müdaxiləni göstərən siqnal qeydə alıb.
“Flydubai” təyyarəsi Dubay Beynəlxalq Hava Limanından Ben Qurion Hava Limanına uçan FZ1073 reysinin yerinə yetirilməsi zamanı baş verən hadisədən sonra Tabuk hava limanına eniş etdiyini təsdiqləyib. Aviaşirkət təyyarənin təhlükəsiz eniş etdiyini və bütün sərnişinlərin təhlükəsiz olduğunu vurğulayıb.