BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur
Bakı, 30 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi, yeni elmi biliklərin əldə olunması, elmi nəticələrin praktik tətbiqi və gənc tədqiqatçıların elmi potensialının dəstəklənməsi məqsədilə elmi-tədqiqat layihələri müsabiqəsi elan olunur.
BDU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqə fundamental tədqiqat layihələri, tətbiqi tədqiqat layihələri, həmçinin gənc alim və tədqiqatçı layihələri istiqamətləri üzrə keçirilir.
Fundamental tədqiqat layihələri istiqaməti üzrə maliyyələşdirmə fondu 80 000 (səksən min) manat təşkil edir.
Tətbiqi tədqiqat layihələri istiqaməti üzrə maliyyələşdirmə fondu 55 000 (əlli beş min) manat təşkil edir.
Gənc alim və tədqiqatçı layihələri istiqaməti üzrə maliyyələşdirmə fondu 38 000 (otuz səkkiz min) manat təşkil edir.
Hər üç istiqamət üzrə müəyyən edilmiş qiymətləndirmə meyarlarına cavab verən və müsabiqənin nəticələrinə əsasən seçilən 5-dək layihənin maliyyələşdirilməsi nəzərdə tutulur. Gənc alim və tədqiqatçı layihələri üzrə müsabiqədə yaşı 35-dək olan şəxslər iştirak edə bilərlər.
Təqdim olunmuş layihələr müəyyən edilmiş qaydada ekspertlər tərəfindən qiymətləndiriləcək və müsabiqənin şərtlərinə uyğun olaraq qalib layihələr müəyyən ediləcəkdir. Layihələrin qiymətləndirilməsində tədqiqatın əhəmiyyəti, elmi yenilik, tədqiqat metodologiyasının etibarlılığı, elmi nəticə və nəşr potensialı, layihə rəhbəri və iştirakçılarının tədqiqat və təhlil bacarıqları, layihənin həyata keçirilməsinin mümkünlüyü və risklərin təhlili əsas meyarlar olacaq.
Müsabiqədə BDU-nun elmi və elmi-pedaqoji fəaliyyətlə məşğul olan əməkdaşları iştirak edə bilərlər. Digər fond və qurumlar tərəfindən maliyyələşdirilən eyni layihələr müsabiqəyə qəbul olunmur. Müsabiqə çərçivəsində hər bir iddiaçı yalnız bir layihədə iştirak edə bilər.
Ətraflı məlumat, müsabiqə şərtləri və hər bir istiqamət üzrə müraciət formaları ilə bağlı Elmi Fəaliyyətin Təşkili və İnnovasiyalar Mərkəzinə müraciət etmək mümkündür.