Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
Bakı, 30 sentyabr, AZƏRTAC
Beynəlxalq Tərcüməçilər Günü millətləri bir araya gətirməkdə, dialoqu, qarşılıqlı anlaşmanı və əməkdaşlığı asanlaşdırmaqda, inkişafa töhfə verməkdə, dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirməkdə mühüm rol oynayan dil mütəxəssislərinin əməyinə hörmət əlaməti olaraq təsis edilib.
AZƏRTAC xəbər verir ki, 2017-ci il mayın 24-də BMT Baş Assambleyası dil mütəxəssislərinin millətləri birləşdirmək, sülhü, qarşılıqlı anlaşmanı və inkişafı təşviq etmək sahəsində rolu haqqında 71/288 saylı qətnamə qəbul edib və sentyabrın 30-u tarixini Beynəlxalq Tərcüməçilər Günü elan edib.
Texniki, ədəbi və ya elmi əsərin bir dildən digərinə köçürülməsi, peşəkar tərcümə, o cümlədən tərcümənin özünəməxsusluğu, təfsiri və terminologiyası beynəlxalq ictimai müzakirələrdə və şəxslər arasında ünsiyyətdə aydınlığın, müsbət mühitin və məhsuldarlığın qorunması üçün vacibdir.
Bu əlamətdar günü məhz sentyabrın 30-da qeyd edilməsi Bibliyanı (“Əhdi-Cədid”i) latın dilinə tərcümə etmiş və ənənəyə görə tərcüməçilərin hamisi hesab olunan İeronim Stridonskinin adı ilə bağlıdır. Müqəddəs Kitabın əksər hissəsini “Əhdi-Cədid”in yunan əlyazmalarından latın dilinə tərcümə etmək səyləri ilə tanınan şimal-şərqi İtaliyadan olan bu keşiş, həmçinin İbrani İncilinin bəzi hissələrini yunan dilinə çevirib.
BMT-nin müraciətində qeyd olunub ki, dillərin inkişafda, mədəni müxtəlifliyin və mədəniyyətlərarası dialoqun təmin edilməsində, eyni zamanda hamı üçün keyfiyyətli təhsilin əldə edilməsində və əməkdaşlığın gücləndirilməsində, inklüziv bilik cəmiyyətlərinin qurulmasında və mədəni irsin qorunmasında, elm və texnologiyanın faydalarını davamlı inkişafa tətbiq etmək üçün siyasi iradənin səfərbər edilməsində mühüm rol oynadığı barədə məlumatlılıq artır.
Xalqlar arasında ahəngdar ünsiyyətin vacib amili olan çoxdillilik Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən də təşkilatın əsas dəyəri kimi qəbul edilir. Çoxdillilik tolerantlığı təşviq etməklə, həm də təşkilatın işində hamının effektiv və artan iştirakını, eləcə də daha yüksək effektivliyi, daha yaxşı performansı və təkmilləşdirilmiş şəffaflığı təmin edir.
Azərbaycanda da bu əlamətdar gün qeyd olunur. XIX-XX əsrlərdə ölkəmizdə görkəmli ədiblər – Abbas Səhhət, Əbdürrəhim bəy Haqverdiyev, Abbasqulu ağa Bakıxanov, Əhməd Cavad, Səməd Vurğun və başqaları dünya ədəbiyyatı klassiklərinin əsərlərini Azərbaycan dilinə ən yüksək səviyyədə tərcümə ediblər. Tərcüməçilər nəsli bu gün də səmərəli fəaliyyətini davam etdirir.