Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır
Şanlıurfa, 30 sentyabr, AZƏRTAC
Türkiyənin hərbi gəmiqayırma, pilotsuz sistemlər və kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış aparıcı müdafiə sənayesi şirkəti olan STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.) qardaş Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirməyə hazırdır.
Bu barədə Türkiyənin Şanlıurfa şəhərində keçirilən “TEXNOFEST” festivalında iştirak edən STM-in baş direktoru Özgür Gülerüz AZƏRTAC-a müsahibəsində bildirib. Onun sözlərinə görə, şirkətin bəzi texnoloji inkişafları Azərbaycanda artıq istifadə olunur.
“Türkiyə ilə Azərbaycan arasında ayrı-seçkilik etmədən texnologiyaların qardaş ölkəmizə ötürülməsinə hazırıq. Digər məsələlərlə yanaşı, sualtı boru kəmərləri də daxil olmaqla vacib infrastrukturu qoruya bilən pilotsuz dəniz dronlarını perspektivli hesab edirik”, - deyən O.Gülerüz şirkətinin, həmçinin Bakıda keçirilən “ADEX-2026” Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində də təmsil olunduğunu qeyd edib.
Müdafiə sənayesi şirkətinin baş direktoru hesab edir ki, STM-in inkişafları Azərbaycanda dron istehsalının daha da yaxşılaşdırılmasına töhfə verə bilər. O.Gülerüz əlavə edib: “Qardaş Azərbaycanda STM texnologiyalarından istifadə etməklə istehsal olunan dronlar lazım gələrsə, Türkiyəyə tədarük edilə və ya digər bazarlara daxil ola bilər”.
STM-in baş direktoru qeyd edib ki, PUA-ları təkmilləşdirmək üçün texnoloji yarış heç vaxt bitmir. “STM dron çeşidini genişləndirməklə rəqibləri ilə ayaqlaşmağa çalışır. Biz Azərbaycanla yeni əlaqələrə hazırıq”, - deyə baş direktor əminliklə bildirib.