Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Məqsədimiz ziyarətçiləri Türküstanın unikal tarixi və mədəni irsi ilə tanış etməkdir. Sərgi üç əsas mövzunu araşdırır: Xoca Əhməd Yəsəvi məqbərəsinin nadir memarlığı, divar epiqrafikasının zənginliyi, eləcə də böyük mütəfəkkirin mənəvi irsi və onun Türk dünyası mədəniyyətinə təsiri.
“Mavi günbəzin sirri” sərgisinin kuratoru Daniyar Sadvakasov AZƏRTAC-ın müxbiri ilə bu barədə danışıb.
Onun sözlərinə görə, bu mövzuları araşdırmaq üçün “Həzrəti” Sultan Muzey-Qoruğu XII əsrə aid tikinti kərpicləri və üzlük materialları, XIV əsrə aid tikinti materialları və eyni dövrə aid şirli keramika nümunələri daxil olmaqla unikal tarixi eksponatlar təqdim edib.
“Sərgidə məqbərənin epiqrafik irsi xüsusi yer tutur. Daha ətraflı araşdırma üçün memarlıq abidəsinin divarlarında qorunan yazıları əks etdirən xüsusi fotopanellər hazırlanıb. Bu panellər ziyarətçilərə həmin yazıların mənası ilə tanış olmağa, onların tarixi və mədəni əhəmiyyətini daha dərindən anlamağa imkan verir”, - deyə kurator qeyd edib.
O, iki memarlıq rekonstruksiyasının sərginin əsas elementləri olduğunu vurğulayıb. Onlardan biri bu görkəmli memarlıq abidəsinin ən ifadəli xüsusiyyətlərindən biri olan Xoca Əhməd Yəsəvi məqbərəsinin şimal portalını əks etdirir. İkincisi isə mütəfəkkirin məqbərəsinin qapılarının rekonstruksiyasıdır. D. Sadvakasovun sözlərinə görə, hər iki konstruksiya ziyarətçilərə məqbərənin memarlıq xüsusiyyətləri ilə daha yaxından tanış olmağa və onun yaradıcılarının bacarığını qiymətləndirməyə imkan verir.
Sərginin digər bölmələri haqqında danışan kurator Xoca Əhməd Yəsəvi və onun davamçılarının yazılı irsinə diqqət yetirib. O, Yəsəvinin mənəvi məktəbinin fərqli xüsusiyyətlərindən birinin dini təlimlərin türk dilində yayılması olduğunu və bunun dilin qorunmasında, inkişafında və populyarlaşmasında mühüm rol oynadığını qeyd edib.
“Həmin dövrdə fars və ərəb dilləri elmi, ədəbi və dini dairələrdə üstünlük təşkil edirdi. Fars dili poeziyada, ərəb dili isə ilahiyyatda və elmi əsərlərdə geniş istifadə olunurdu. Digər tərəfdən, türk dili əsasən gündəlik ünsiyyət dili kimi qəbul edilirdi”, - deyə agentliyin müsahibi izah edib.
Onun sözlərinə görə, Xoca Əhməd Yəsəvi mövcud stereotipi aradan qaldırmağı bacarıb. O, əsərlər yaratmaqla və təlimlərini ana dilində yaymaqla türk dilinin zəngin ifadə potensialını, habelə mürəkkəb fəlsəfi, mənəvi və dini ideyaları çatdırmaq qabiliyyətini nümayiş etdirib.
“Onun nümunəsini tələbələri və davamçıları izləyiblər. Onlar da türk dilində əsərlər yaratmağa başlayıblar. Beləliklə, Yəsəvinin əsərləri türk yazılı ənənəsinin qorunmasına və inkişafına mühüm töhfə verib. Axı dil mədəniyyətin ən vacib təməllərindən biridir və bu təməllər vasitəsilə mənəvi dəyərlər, adət-ənənələr və xalqın dünyagörüşü nəsildən-nəslə ötürülür. Xoca Əhməd Yəsəvinin İslam dəyərlərinə əsaslanan təlimləri türk xalqlarının mənəvi həyatına dərin təsir göstərib və onun bir çox ideyaları bu günə qədər aktuallığını qoruyub saxlayır”, - deyə kurator vurğulayıb.
D. Sadvakasov müsahibənin sonunda qeyd edib ki, sərginin son bölməsi Xoca Əhməd Yəsəvinin mənəvi irsinin Türk dünyası mədəniyyətinə çoxşaxəli təsirinə həsr olunub. Xüsusilə, ziyarətçilər onun təlimlərinin təkcə dini dünyagörüşlərdə deyil, həm də memarlıqda, bina planlarında, bədii bəzəklərdə və epiqrafik ənənələrdə necə əks olunduğunu izləyə bilərlər.