bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb
Bakı, 30 sentyabr, AZƏRTAC
bp “Mərkəzi Azəri” platformasında həyata keçirdiyi Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsini uğurla tamamlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, layihə nəticəsində platformada qazın yenidən laylara vurulma gücü 20 faiz artırılıb. Bu da mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək edəcək.
Layihə üzrə dənizdə işlərin icrasına cari ilin yanvar ayında başlanılıb və layihə sentyabr ayında təhlükəsiz şəkildə, qrafiki qabaqlayaraq tamamlanıb. Layihə çərçivəsində platformadakı mövcud 4 qazvurma kompressorunun daxili rotasiya blokları və köməkçi hissələri dəyişdirilərək əsaslı şəkildə modernləşdirilib. Bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan yerinə yetirilib.
Həmçinin qazın yenidən laylara vurulması gücünün artırılması və əməliyyat çevikliyinin gücləndirilməsini dəstəkləmək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar həyata keçirilib. Bu modifikasiyalar avqust ayında “Mərkəzi Azəri” platformasında aparılan profilaktik işlər proqramı zamanı yerinə yetirilib və bunun ardınca layihə üzrə bütün qalan yekun işlər tamamlanıb.
CAGE layihəsi layların idarə olunmasının gücləndirilməsini dəstəkləməklə “Azəri-Çıraq-Günəşli” yatağından neftvermənin maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi səylərinə töhfə verir.