Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Elm Fondunun keçirdiyi “Əsas qrant müsabiqəsi – 2026”da qalib layihələrdən biri “Bal arısının (Apis mellifera L.) mikrosporidial xəstəliyinə qarşı antioksidant bioaktivliyə malik bitki ekstraktlarının “in vivo/in vitro” şəraitində tədqiqi və balın keyfiyyət göstəricilərinə təsiri” üzrə tədqiqatdır. Layihə Canlı Sistemlərin Tədqiqi İnstitutunun Müasir mikroskopiya və görüntüləmə Laboratoriyasının elmi işçisi Rəfiqə Qazinin rəhbərliyi ilə həyata keçiriləcək.
R.Qazi AZƏRTAC-a açıqlamasında bildirib ki, tədqiqatın əsas məqsədi bal arılarına ciddi zərər vuran mikrosporidial xəstəlik – nozemaya qarşı səmərəli mübarizə metodunun işlənib hazırlanmasıdır.
Onun sözlərinə görə, layihə çərçivəsində xəstəliyin həm profilaktikası, həm də xəstəlik zamanı mübarizə tədbirlərində bitki ekstraktlarından istifadə imkanları araşdırılacaq. Hazırlanacaq bitki ekstraktlarının müxtəlif dozaları sınaqdan keçiriləcək və nozemaya qarşı daha effektiv təsir göstərən dozalar müəyyənləşdiriləcək.
“Biz tətbiq etdiyimiz bitki ekstraktlarının bal arısında oksidativ stresə necə təsir etdiyini, antioksidantlıq səviyyəsini hansı dərəcədə artırdığını və arının immun sisteminə təsirini araşdıracağıq. Eyni zamanda, ekstraktların balın keyfiyyət göstəricilərinə təsiri qiymətləndiriləcək”, - deyə tədqiqatçı bildirib. R.Qazinin sözlərinə görə, tədqiqatın mühüm istiqamətlərindən biri də kimyəvi preparatlara alternativ olaraq təbii bitki ekstraktlarından istifadənin mümkünlüyünün öyrənilməsidir. Hazırda arıçılıqda müxtəlif kimyəvi preparatlardan və turşulardan istifadə olunur. Bu maddələrin müəyyən edilmiş dozadan artıq və ya düzgün tətbiq edilməməsi arıların sağlamlığına mənfi təsir göstərə, həmçinin arıçılıq məhsullarında qalıq maddələrin yaranmasına səbəb ola bilər.
Tədqiqatçı bildirib ki, layihənin nəticələrinin praktik tətbiqi də nəzərdə tutulur. Əldə olunacaq nəticələrin arıçılara, arıxanalara, eləcə də beynəlxalq elmi konfranslarda və xüsusi görüşlərdə təqdim edilməsi planlaşdırılır.
“Əsas məqsədimiz təbii bitki ekstraktlarından istifadə etməklə həm bal arısının sağlamlığına müsbət təsir göstərən nəticələr əldə etmək, həm də arıçılıq məhsullarının, xüsusilə balın keyfiyyət göstəricilərini yaxşılaşdırmaqdır”, – deyə R.Qazi vurğulayıb. Layihənin həyata keçirilməsi nəticəsində bal arısının mikrosporidial xəstəliklərinə qarşı bitki mənşəli, daha təbii mübarizə yanaşmasının elmi əsaslarının müəyyənləşdirilməsi və əldə olunan nəticələrin arıçılıq təsərrüfatlarında tətbiqi üçün imkanların qiymətləndirilməsi gözlənilir.
Müxbir - Tünzalə Arazlı