Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə geniş tərkibdə Kollegiya iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, iclasda Naxçıvan Muxtar Respublikasının Ordubad Rayon İcra Hakimiyyəti və tabeli qurumları tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakından istifadəsinin, “Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” publik hüquqi şəxsə ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatı və regional mərkəzləri tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə edilməsinin, habelə Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondları – Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu, Meşələrin Qorunub Saxlanması və Təkrar İstehsalı Fondu, Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İdarə Edilməsi və Mühafizəsi üçün yaradılan müvafiq İdarələrin Xüsusi Fondlarının daxilolmalarının (gəlirlərinin) və xərclərinin auditinin nəticələrinə dair auditor hesabatları müzakirə olunub.
Müzakirələrin yekununda auditor hesabatlarının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumlar tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərarlar qəbul olunub.
Sonra mərkəzi icra hakimiyyəti orqanı tərəfindən Hesablama Palatasına təqdim edilən 2027-ci il dövlət büdcəsinin layihəsinin və onunla birlikdə hazırlanan sənədlərin (büdcə-vergi siyasətinin əsas istiqamətləri və ortamüddətli dövr üçün hədəf göstəriciləri, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramlar, icmal büdcə layihəsi və s.) ilkin təhlilinin nəticələri, həmçinin qanunvericilik, o cümlədən Vergi Məcəlləsi üzrə nəzərdə tutulan dəyişikliklər müzakirə olunub. Hesablama Palatasının kollegiya üzvləri və struktur bölmə rəhbərləri tərəfindən təhlilin nəticələri ilə bağlı fikir və təkliflər səsləndirilib.
Hesablama Palatasının sədri tərəfindən 2027-ci il dövlət büdcəsinin təhlili üzrə işlərin davam etdirilməsi və qarşıda duran tədbirlərin vaxtında həyata keçirilməsi ilə bağlı kollegiya üzvlərinə və struktur bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
İclasın sonunda gündəlikdə nəzərdə tutulan digər cari məsələlərə də baxılıb.