Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
London, 30 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkənin Avropa İttifaqı (Aİ) ilə uzunmüddətli münasibətlərinin yenidən formalaşdırılması çərçivəsində quruma təkrar qoşulmağın da mümkün variantlardan biri kimi nəzərdən keçirilə biləcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Baş nazir BBC-yə müsahibəsində mövcud “Brexit” modelinin ölkəyə xeyirdən çox zərər verdiyini deyib və Avropa ilə münasibətlərin yaxşılaşdırılması üçün hansı addımların real şəkildə mümkün olduğunu araşdırmaq istədiyini söyləyib.
O, bir gün əvvəl Leyboristlər Partiyasının illik konfransındakı çıxışında ilin sonuna planlaşdırılan Böyük Britaniya–Aİ sammiti ərəfəsində ölkənin Avropa ilə gələcək münasibətlərinə dair müxtəlif variantları ictimaiyyətə təqdim edəcəyini bildirmişdi. O, Böyük Britaniyanın ən böyük bazarı olan Avropa ilə uzunmüddətli münasibətlərinin aydınlaşdırılmasının vacibliyini vurğulayıb. Ötən həftə Börnhem növbəti ümumi seçkilərdə Aİ-yə yenidən qoşulmaq üçün mandatın istənilməsi ehtimalını da istisna etməmişdi.
Bununla belə, Makerfield dairəsində keçirilən əlavə seçkilər zamanı o, “Brexit” müzakirələrini yenidən başlatmaq niyyətində olmadığını və Böyük Britaniyanın Aİ-yə qayıtmasını təklif etmədiyini bildirmişdi. Baş nazirin son açıqlamaları Leyboristlər Partiyasının 2024-cü il seçki manifestindəki mövqedən mümkün dəyişiklik kimi qiymətləndirilir. Həmin manifestdə Aİ-yə, eləcə də vahid bazar və gömrük ittifaqına yenidən qoşulmaq istisna edilmişdi.
Mühafizəkarlar isə hökumətin bu yanaşmasını tənqid edərək, bunun “Brexit”lə bağlı əvvəlki siyasi mübahisələri yenidən gündəmə gətirə biləcəyini bildiriblər.