İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq
Bakı, 30 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyi ilə “OpenAI” şirkəti arasında imzalanmış üçillik anlaşma memorandumu Azərbaycanın təhsil sistemində süni intellektəsaslı yeni imkanların tətbiqinə şərait yaradacaq. Əməkdaşlıq çərçivəsində müəllim və şagirdlər üçün süni intellekt əsaslı tədris vasitələrinin hazırlanması, şagirdlərin qiymətləndirilməsində süni intellektdən istifadə və təhsil analitikası üçün böyük verilənlər bazasının formalaşdırılması nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev məlumat verib. O bildirib ki, əməkdaşlığın əsas istiqamətlərindən biri dərslərin və tədris materiallarının hazırlanması, eləcə də riyaziyyat, təbiət elmləri və oxu üzrə təhsil idarəetmə sisteminin inkişafıdır. Eyni zamanda, müəllimlər və digər təhsil işçiləri üçün süni intellektdən səmərəli istifadə ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimlərdə iştirak edən müəllimlərin daha sonra təlimçi kimi fəaliyyət göstərməsi planlaşdırılır.
Firudin Ağayevin sözlərinə görə, təşəbbüs təhsil analitikası üçün böyük verilənlər bazasının formalaşdırılmasına imkan verə bilər. Platformanın müəllimlərə, məktəb rəhbərlərinə və nazirliyə real vaxt rejimində fəaliyyət göstəricilərini təqdim etməsi nəzərdə tutulur. Layihə, həmçinin Azərbaycanda yerli süni intellekt mütəxəssislərinin hazırlanmasına imkan yaradacaq.