Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan xalqı Qafqaz regionunun həm qədim dövlətçilik ənənəsinə malik, həm də say baxımından ən böyük xalqlarından biridir. Araz çayından Qafqaz dağlarınadək geniş coğrafiyanı əhatə edən Albaniya dövləti Azərbaycan ərazisində mövcud olmuş uzunömürlü dövlətlərdən biri hesab edilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev deyib. O bildirib ki, albanlar regionun avtoxton əhalisi olub, Son Tunc və Erkən Dəmir dövrlərində Xocalı-Gədəbəy və Muğan mədəniyyətlərini yaratmış protoazərbaycanlıların varisləridir.
Tarixçi qeyd edib ki, Alban ölkəsinin adına ilk dəfə Urartu mixi yazılı kitabəsində “QuʼAlbane”, antik mənbələrdə “Albaniya”, Parfiya mənbələrində “Ardan”, Orta fars mənbələrində “A(r)ran”, gürcü mənbələrində “Rani”, ərəb mənbələrində isə “ar-Ran” şəklində rast gəlinir. Onun sözlərinə görə, “Alban” adı ermənilər tərəfindən “Aluank” (“Aquank”) şəklində təhrif edilib. “Alban” sözünün qədim türkcədə ərən, ər, igid mənalarını bildirən “alp” sözündən qaynaqlandığı bildirilir.
E.Nəciyev Qarabağın alban-qıpçaq irsinə dair araşdırmasında Cənubi Qafqazda türk soylarının qədim zamanlardan yaşadığını sübut edən mənbələrə də diqqət çəkib. O qeyd edib ki, XII əsrə aid “Kartlis Sxovreba” mənbəsində Makedoniyalı İsgəndərin Kür çayı boyunca buntürk və qıpçaq türk boyları ilə qarşılaşması barədə məlumat verilir.
Tarixçinin sözlərinə görə, “Alban tarixi”ndə Makedoniyalı İsgəndərin dövründən Böyük Qafqaz dağlarının ətəklərində yaşayan Qarqarlar və Qam Eftallar (Abdallar) boylarından bəhs edilir. Mənbələrdə Albaniya dövlətinin Böyük Sak soyundan olan Ərən və onun nəslindən çıxmış cəsur ərlər tərəfindən idarə olunması haqqında məlumatların yer aldığını deyən E.Nəciyev Uti, Girdiman, Qarqar və Sovd vilayətlərinin əhalisinin Ərənin oğullarının nəsilləri olduğunu vurğulayıb. O bildirib ki, Albaniya hökmdarlarının xan, xaqan, böyük işxan kimi titullar daşıması onların türk soylu olduqlarını sübut edən mühüm faktlardan biridir.
E.Nəciyev xristianlığın Cənubi Qafqazda yayılmasından bəhs edib. Onun sözlərinə görə, Albaniya hökmdarı Urnayr xristianlığı regionda ilk dəfə rəsmi din kimi qəbul edib. Musa Kalankatlının məlumatlarına əsasən, Albaniya ermənilərdən 270 il əvvəl xristianlığı qəbul edib.
Tarixçi, həmçinin Musa Kalankatlının “Albaniya tarixi” əsərində yer alan məlumatlardan birini diqqətə çatdırıb: “İsanın qardaşı Yakov tərəfindən katolikosluğa təyin edilən məşhur həvari Yelisey Albaniyada xristianlığı təbliğ edib, Gisdə Şərqdə olan bütün kilsələrin ulu anası olan kilsənin tikilməsinə nail olub, o zaman ermənilərdə kilsəyəbənzər heç bir şey yox idi”.