Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
Bakı, 30 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində – “ADEX 2026”da özünün innovativ texnoloji layihələri ilə təmsil olunur.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
“ADEX 2026” kimi beynəlxalq səviyyəli platformada BDU tərəfindən hazırlanmış texnoloji həllərin nümayiş etdirilməsi universitetin elmi və mühəndislik potensialının təqdim olunması, yeni tərəfdaşlıqların qurulması və perspektivli layihələrin inkişaf etdirilməsi baxımından mühüm imkan yaradır.
Sərgidə BDU tərəfindən hazırlanmış avtonom rover, kvadrokopter və Tiqana FPV dronu nümayiş etdirilir. Təqdim olunan layihələr universitetdə elmi-tədqiqat və mühəndislik fəaliyyəti, müasir robototexnika və pilotsuz sistemlər istiqamətində aparılan işlərin nəticəsidir.
Təqdim olunan avtonom rover layihəsində step mühərrikəsaslı hərəkət sistemi tətbiq olunub. Mexaniki və elektron komponentlərin optimallaşdırılması nəticəsində sistem analoji həllərlə müqayisədə daha aşağı enerji sərfiyyatı ilə işləyir. Avtonom roverin müxtəlif logistika və texniki tapşırıqlarda, o cümlədən insan üçün riskli ola biləcək ərazilərdə yükdaşıma və məsafədən idarə olunan və ya avtonom fəaliyyət tələb edən əməliyyatlarda tətbiqi nəzərdə tutulur. Platformanın əvvəlcədən müəyyən edilmiş və ya dinamik formalaşdırılan marşrutlar üzrə hərəkət imkanları təkrarlanan logistika proseslərinin avtomatlaşdırılmasına və personalın riskli ərazilərə daxil olma ehtiyacının azaldılmasına şərait yaradır.
Sərgidə nümayiş etdirilən digər layihə BDU tərəfindən hazırlanmış kvadrokopterin idarəetmə sistemidir. Layihə çərçivəsində kvadrokopterin hərəkətinin ümumi idarəetmə məsələsi şaquli, üfüqi və yan hərəkət kimi daha sadə alt məsələlərə bölünərək onların kompüterəsaslı həll alqoritmləri hazırlanıb. Bu yanaşma idarəetmə sisteminin daha kompakt və enerji baxımından səmərəli qurulmasına imkan verir. GPS siqnalının olmadığı şəraitdə isə kvadrokopterin hərəkətinin idarə olunması üçün inersial naviqasiya sistemi tətbiq edilir. Hazırlanmış yanaşmalar müxtəlif pilotsuz uçuş aparatlarının idarəetmə sistemlərində də tətbiq oluna bilər.
BDU-nun sərgidə təqdim etdiyi texnoloji nümunələrdən biri də 7 düyümlük konfiqurasiyada hazırlanmış FPV dronudur. Karbon-fiber gövdə strukturu və qatlanan qol mexanizmi dronun kompakt formada daşınmasına və yüksək manevr qabiliyyətinə imkan verir. Sistem radioelektron müdaxilələrə qarşı dayanıqlılığın artırılmasına yönəlmiş texniki həlləri ilə fərqlənir. Bu layihə çərçivəsində pilotsuz uçuş sistemlərinin konstruksiyası, idarə olunması və faydalı yükün daşınması üzrə mühəndislik həlləri təqdim olunur.