“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb
Bakı, 30 sentyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan istehsalı olan BARS yüksəksürətli kamikadze dronu ilk dəfə nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, bu silahdan havada dronla dronu məhv etmək məqsədilə istifadə olunur.
Eyni zamanda, KİQR-01, KİQR-02 və KİQR-03 Azərbaycan istehsalı olan kamikadze tipli kiçik insansız quru robotları da “ADEX 2026”da ilk dəfə nümayiş etdirilir.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi SİQR-01 və SİQR-02 silahlı insansız quru robotları, Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı, Türkiyənin “Turkish Aerospace” şirkəti tərəfindən ölkəmiz üçün istehsal olunan “Hürkuş” yeni nəsil təlim təyyarəsi də ilk dəfə sərgilənən hərbi texnika və silahlardır.
Həmçinin Azərbaycan-Türkiyə birgə istehsalı olan zərbə PUA-sı “ADEX 2026” sərgisində ilk dəfə nümayiş olunan kamikadze tipli drondur. Onun uzunluğu 3,5, qanad açıqlığı 3,2 metrdir, uçuş müddəti isə 2 saatdır.