Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər
Bakı, 30 sentyabr, AZƏRTAC
Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz heyvanı növlərinin yayılması üçün yeni imkanlar aça və onların bu gün quru qalmış sahilyanı ərazilərdə məskunlaşmasına şərait yarada bilər. XXI əsrin ortalarına və sonlarına doğru belə növlər üçün potensial olaraq əlverişli yaşayış ərazilərinin sahəsi təxminən 290-470 min kvadratkilometrə çata bilər.
AZƏRTAC “Nature Ecology & Evolution” jurnalına istinadla xəbər verir ki, bu nəticələr Çin Elmlər Akademiyasının Cənubi Çin Dənizi Okeanologiyası İnstitutunun beynəlxalq tədqiqatçılar qrupu tərəfindən əldə edilib.
Tədqiqat öz təbii arealından kənarda artıq məskunlaşmış 122 yabanı dəniz heyvanı növünü əhatə edib. Alimlər həmin növlərin yayılması və yaşayış şəraiti ilə bağlı məlumatları sahilyanı ərazilərin su altında qalmasına dair proqnozlarla müqayisə ediblər.
Modelləşdirmənin nəticələrinə görə, bu növlərin məskunlaşdığı ərazilərə bitişik su altında qalacaq sahilyanı ərazilərin üçdə ikisindən çoxu potensial olaraq həmin növlərin məskunlaşması üçün əlverişli ola bilər. Ən həssas regionlar arasında Çinin cənub-şərq sahilləri, Avstraliyanın şimalı və Meksika körfəzi sahilləri göstərilib.
Tədqiqatçılar estuarlara – çay və dəniz sularının qarışdığı ərazilərə xüsusi diqqət yetiriblər. Çay mənsəblərinə yaxınlıq gələcəkdə su altında qalacaq və yabanı növlər üçün əlverişli olacaq yaşayış ərazilərinin sahəsinin artması ilə əlaqələndirilir.
Alimlər qeyd edirlər ki, söhbət bu növlərin həmin ərazilərdə məskunlaşmasının mümkünlüyünün qiymətləndirilməsindən gedir, onların orada mütləq məskunlaşacağından deyil. Müəlliflər bioloji invaziyaların monitorinqi və təbiətin mühafizəsi tədbirlərinin planlaşdırılması zamanı su altında qala biləcək yeni ərazilərin nəzərə alınmasını təklif edirlər.