Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
Bakı, 30 sentyabr, AZƏRTAC
"Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında", "Hərbi qulluqçuların statusu haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Əmək pensiyaları haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli və "Diplomatik xidmət haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin bugünkü iclasının gündəliyinə daxil edilib.
Bildirilib ki, sosial sığorta prinsiplərinə əsaslanmayan mexanizmlərin təkmilləşdirilməsi və pensiya təyinatı şərtlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində addımlar atılır. Müzakirəyə çıxarılan qanun layihəsi də bu istiqamətdə atılan növbəti addımdır. Layihədə dövlət sektorunda həyata keçirilən əməkhaqqı islahatları ilə bərabər dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsipi yanaşmasının tətbiqi nəzərdə tutulur.
Layihədə təklif olunan digər dəyişikliklər Müdafiə Nazirliyinin hərbi qulluqçularına münasibətdə pensiya təminatı mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır. Komitə sədri bildirib ki, təklif olunan yanaşmaya əsasən həmin hərbi qulluqçuların pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, onların fərdi şəxsi hesablarında qeydə alınmış pensiya kapitalı və sabit aylıq pensiya əlavəsi əsasında pensiya məbləği formalaşacaq. Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq.
Yeni islahat tədbirlərində, həmçinin pensiyaların indeksasiya mexanizminin daha təkmil, ədalətli və optimal şəkildə qurulması nəzərdə tutulub. Təklif olunan indeksləşdirmə mexanizmində əmək pensiyalarının məbləğinin vahid rəqəmlə deyil, diferensial formada indeksləşdirilməsi təklif olunur. Orta aylıq əməkhaqqına qədər olan pensiyalar əvvəlki kimi, yəni indeksasiya faizi tam tətbiq edilməklə indeksləşdiriləcək, pensiyalarının yalnız bundan yüksək olan hissəsinə 0,2 və 0,5 əmsalları tətbiq olunacaq.
Qeyd olunan dəyişikliklər pensiya təminatı sistemində sosial ədalətin daha da gücləndirilməsinə, minimum pensiya məbləğlərinin artırılması imkanlarının genişləndirilməsinə şərait yaradacaq.