Ağsu və Qobustanda nar istehsalçılarına bağlarda bitki sağlamlığının qorunması yolları izah olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustanın Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır.
Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.