“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
Bakı, 30 sentyabr, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru, dosent Gülbəniz Babayeva, rəyçiləri filologiya elmləri doktorları, professorlar Vüqar Əhməd, Cahangir Məmmədli və baş mütəxəssis Ülkər Hüseynovadır.
Monoqrafiyada Azərbaycan mətbuat tarixinin sanballı nəşrlərindən olan “Elm və həyat” jurnalının nəşr tarixinə ilk dəfə olaraq bütöv halda münasibət bildirilib. 1961-ci ildən bu günə qədər nəşri davam edən jurnalın səhifələrində yer alan ədəbi mövzular çap olunma ardıcıllığına görə öyrənilib.
Nəşrin birinci bölümündə jurnalın sovet dövründə işıq üzü görən saylarında yer almış ədəbiyyat məsələlərinə münasibət bildirilib. İkinci bölümdə isə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra “Elm və həyat” jurnalında yer ayrılan ədəbi mövzular təhlil və təqdim olunub.