Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyinin müşaviri Şərqşünaslıq İnstitutunda olub
Bakı, 30 sentyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyinin müşaviri Əhməd Tabeici sentyabrın 30-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Ə.Tabeici əvvəlcə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Hazırda ADA Universitetində tədqiqatçı kimi fəaliyyət göstərdiyini bildirən səudiyyəli qonaq Şərqşünaslıq İnstitutunda ərəb ədəbiyyatı və mədəniyyəti ilə bağlı aparılan tədqiqatlarla maraqlanıb.
Akademik G.Baxşəliyeva institutda bu sahədə görülən işlərdən bəhs edib və qonağa Şərqşünaslıq İnstitutunda nəşr olunmuş kitablar hədiyyə edib.
Ə.Tabeici daha sonra Şərqşünaslıq İnstitutunun ərəbşünas alimləri ilə görüşüb. O, müəllifi olduğu uşaq hekayələrindən bəhs edib, bu hekayələrin bir qisminin tarixi mövzuları əhatə etdiyini, bir qisminin isə tərbiyəvi xarakter daşıdığını bildirib. Qonaq, həmçinin müasir ərəb ədəbiyyatından söz açaraq, Səudiyyə Ərəbistanında hazırda daha çox romantik və tarixi əsərlərə üstünlük verildiyini qeyd edib. Ə.Tabeici şərqşünas-alimləri maraqlandıran sualları cavablandırıb.