Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
Bakı, 30 sentyabr, AZƏRTAC
Mərakeşdə mərkəzçi “Müasirlik partiyası”nın (PAM) keçən həftə keçirilən parlament seçkilərində ən çox yer qazanmasından sonra Fatimə Zəhra Əl-Mənsuri Mərakeşin ilk qadın Baş naziri təyin edilib.
AZƏRTAC “Əl-Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, çərşənbə axşamı baş tutan bu təyinatla 50 yaşlı mərakeşli vəkil tunisli Nəcla Budendən sonra ərəb dünyasında hökumətə rəhbərlik edən ikinci qadın olub.
Kral VI Məhəmməd onun təyinatını təsdiqləyib. Kral sarayının bəyanatına əsasən, namizədliyi irəli sürülənə qədər Mərakeş paytaxtının meri vəzifəsini icra edən xanım Mənsuriyə yeni hökuməti formalaşdırmaq tapşırılıb. Bu elan seçki nəticələrinin açıqlanmasından dörd gün sonra verilib.
Mənsurinin hökuməti formalaşdırmaq üçün yaxın günlərdə koalisiya quracağı gözlənilir. Mərakeşin seçki sistemi hər hansı bir partiyanın mütləq çoxluq qazanmasını çətinləşdirir.
Krallığın yeni Nazirlər Kabinetinin 2030-cu il FIFA dünya çempionatı ilə əlaqədar milyardlarla dollarlıq investisiyalar cəlb edəcəyi gözlənilir.
Mərakeş konstitusiyalı monarxiya olsa da, hakimiyyətin böyük hissəsi Kralın əlində cəmlənib. Ölkə Konstitusiyası Krala Baş naziri təyin etmək səlahiyyəti verir, lakin o, seçimini parlament seçkilərində ən çox yer qazanan partiyanın nümayəndələri arasından etməlidir.