Elnarə Zeynalova: Xaqani Şirvaninin əsərlərində nəsihətamiz fikirlər çox sadə dildə verilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Xaqani Şirvani vətənpərvər şair olub. Hər iki dildə yazdığı şeirlərində Şirvanla bağlı beytlər bunun əyani sübutudur.
Bunu AZƏRTAC-a açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Zeynalova deyib.
Dosent diqqətə çatdırıb ki, şair üçün vətən Şirvanla məhdudlaşmır. “Burada Təbrizin də öz rolu var. Təsadüfi deyil ki, ərəbcə yazdığı bir qəsidəsində Şirvandan məcburən ayrılmalı olduğunu və yaşamaq üçün qəlbinin Təbrizi seçdiyini göstərib.
Ümumiyyətlə, Xaqani yaradıcılığı üçün xarakterik olan cəhətlərdən biri nəsihətamiz fikirlərdir. Şair demək olar ki, bütün şeirlərində didaktikaya yer verib. Maraqlıdır ki, mürəkkəb fikirləri ilə tanınan şairin əsərlərində nəsihətamiz fikirlər çox sadə dildə verilib. Əsərlərində səxavət, aza qane olmaq, sərvət ardınca qaçmamaq, düzlük, ədalət və s. kimi keyfiyyətlər təbliğ olunub. Eləcə də Xaqani elmə xüsusi qiymət verib. Onun həyat fəlsəfəsi daha çox elmlə bağlıdır. Məsələn, ərəbcə yazdığı bir qəsidəsində deyir:
Şərəfim elm suyundadır, orada mən, üzüm həya suyunda qərq olduğu kimi, qərq oluram.
Məni öldürdüyünü bilə-bilə elmi qəbul etmişəm, alimlər üçün bu ölüm dirilikdir.
Yandıqca şöləsi artan, özü kiçilən şam kimi, mənim elmimi artıran cismimin əriməyidir”.
Müxbir - Fidan Əlizadə