Nazirlik rəsmisi: Qazanılan uğurların tablolarda əks olunması paralimpiyaçılara əlavə motivasiya verir
Bakı, 11 sentyabr, AZƏRTAC
Biz bu sərgidə sadəcə bir kadr görsək də, onun arxasında aylarla, illərlə çəkilən əziyyət, təlim-məşq toplanışları, iradə və əzm dayanır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş fotosərginin açılış mərasimində iştirak edən Gənclər və İdman Nazirliyinin paralimpiya üzrə kuratoru İranə Qarayeva deyib.
Nazirlik rəsmisi sərgini yüksək qiymətləndirib və paralimpiyaçıların beynəlxalq arenalarda qazandığı uğurların arxasında böyük zəhmətin dayandığını bildirib: “Paralimpiyaçılarımız beynəlxalq arenalarda böyük uğurlar qazanırlar. Bu cür tədbirlərin, fotosərgilərin təşkili çox qürurvericidir. Bu gün idmançılarımıza göstərilən diqqət və onların uğurlarının tablolarda əks olunması əlavə motivasiya verir”.
İranə Qarayeva vurğulayıb ki, idmançıları qarşıda Avropa və dünya çempionatları kimi məsuliyyətli yarışlar gözləyir, əsas hədəf isə “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarıdır. O, Gənclər və İdman Nazirliyi olaraq üzərilərinə düşən öhdəliyi layiqincə yerinə yetirməyə və idmançılara hər zaman dəstək olmağa çalışdıqlarını qeyd edib.
Sərginin sosial əhəmiyyətinə də diqqət çəkən nazirliyin kuratoru deyib: “İki həftə davam edəcək bu sərgiyə insanlar, turistlər gəlir. Bəlkə kimsə paralimpiyanın nə olduğunu bilmir, burada tanış olacaq. Bu sərgi həm də cəmiyyətin, xüsusən fiziki məhdudiyyətli şəxslərin paralimpiya hərəkatına inteqrasiya olunmasında böyük rol oynayacaq”.