Dosent: Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri sistemli şəkildə inkişaf etdirilir
Bakı, 13 sentyabr, AZƏRTAC
Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri son illərdə qarşılıqlı səfərlər, beynəlxalq konfranslar, elmi tədqiqatlar və tərcümə layihələri vasitəsilə daha da genişlənib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşı, filologiya elmləri doktoru, dosent Bəsirə Əzizəliyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, institutun Pakistanla elmi əməkdaşlığı xüsusilə 2017-ci ildən etibarən genişlənməyə başlayıb.
Onun sözlərinə görə, AMEA-da yaradılan Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində Pakistan ədəbiyyatının öyrənilməsi, iki ölkə arasında ədəbi-elmi əlaqələrin inkişafı ardıcıl və sistemli şəkildə həyata keçirilir.
Vurğulanıb ki, 2017-ci ildə Pakistanın İslamabad şəhərində Məhəmməd İqbalın anadan olmasının 140 illiyinə həsr edilmiş beynəlxalq konfransa Azərbaycan alimləri də qatılıblar. 2018-ci ildə Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri Bədirxan Əhmədli Pakistanda elmi seminarda iştirak edib.
“2019-cu ildə isə mən özüm Pakistanın Pəncab Universitetində keçirilən “Mövlanə Cəlaləddin Rumi və Həzrət Sultan Bahu: mistika işığında sevgi və birgəyaşayış mesajı” mövzusunda beynəlxalq elmi konfransda Mövlanə Rumi və Sultan Bahunun mistik təlimlərinin əhəmiyyətinə dair məruzə ilə çıxış etmişəm”, - deyən B.Əzizəliyeva əlavə edib ki, Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələrinin inkişafında 2019-cu ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistanın Muslim İnstitutu arasında imzalanmış memorandum mühüm əhəmiyyət daşıyır. Həmin il Ədəbiyyat İnstitutunda “Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
B.Əzizəliyevanın sözlərinə görə, 2022-ci ildə də iki ölkənin alimlərinin iştirakı ilə elmi tədbirlər təşkil olunub. Həmin ilin iyulunda Ədəbiyyat İnstitutunda, dekabrında isə Pakistanın Lahor şəhərində Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələrinə həsr olunmuş konfranslar keçirilib. Tədbirlər çərçivəsində Lahor Universitetinin Kollecində Azərbaycan mərkəzi yaradılıb, Bəsirə Əzizəliyevanın Məhəmməd İqbala həsr olunmuş “Məhəmməd İqbal: eşq və düşüncə şairi” monoqrafiyası təqdim edilib. Məhəmməd İqbalın seçilmiş əsərlərindən Azərbaycan dilinə tərcümələr əsasında hazırlanmış kitab da tədbir iştirakçılarının marağına səbəb olub.
Azərbaycanla Pakistan arasında ədəbi əlaqələr qarşılıqlı səfərlər, elmi tədqiqatlar və tərcümə layihələri ilə bu gün də davam etdirilir.
Müxbir -Tünzalə Arazlı