“Mənim rəngli dünyam”: Qaxdakı rəsm sərgisindən rəngli görüntülər
Qax, 13 sentyabr, AZƏRTAC
Qax rayonunda gənclərin iştirakı ilə “Mənim rəngli dünyam” mövzusunda rəsm sərgisi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgi Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə Gənclər və idman sektoru və Qax Rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Qax şəhər Heydər Əliyev adına parkda baş tutub.
Tədbirdə çıxış edən Qax rayonu üzrə Gənclər və idman sektorunun aparıcı məsləhətçisi Aytən Murquzova və Qax Rayon Dövlət Rəsm Qalereyasının müdiri Səbinə Əfəndiyeva sərginin əhəmiyyətindən, gənclərin yaradıcılıq potensialının dəstəklənməsinin və onların incəsənətə marağının artırılmasının vacibliyindən söz açıblar.
Sərgi çərçivəsində Vaqif Əliyev adına 3 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Zənfira Muradovanın əl işlərindən ibarət rəsm əsərləri nümayiş etdirilib.
Sonra qonaqlar sərgidə nümayiş etdirilən rəsm əsərləri ilə tanış olub, gənc rəssamın yaradıcılıq işləri ilə yaxından maraqlanıblar.
Sərginin keçirilməsində əsas məqsəd gənclərin yaradıcılıq və estetik bacarıqlarının inkişaf etdirilməsi, onların incəsənətə marağının artırılması, istedadlı gənclərin üzə çıxarılması və yaradıcılıq fəaliyyətlərinin dəstəklənməsidir.