Avropa Komissiyası data-mərkəzlərin inkişafının enerji sistemi ilə uzlaşdırılmasını vacib sayır
Zaqreb, 13 sentyabr, AZƏRTAC
Avropa Komissiyası süni intellekt və rəqəmsal xidmətlərin sürətli inkişafı fonunda data-mərkəzlərinin artan elektrik tələbatının Avropanın enerji sistemi, bərpaolunan enerji istehsalı və elektrik şəbəkələrinin inkişafı ilə paralel planlaşdırılmasının vacibliyini bildirir.
AZƏRTAC xəbər verir ki, Xorvatiyanın “Jutarnji list” və “Poslovni dnevnik” nəşrlərinin məlumatına görə, Avropa Komissiyasının təmiz, ədalətli və rəqabətqabiliyyətli keçid üzrə icraçı vitse-prezidenti Teresa Ribera bu barədə Xorvatiya Ticarət Palatasının təşkil etdiyi “Podrzimo odrzivo” davamlılıq konfransında danışıb.
O bildirib ki, yaşıl və rəqəmsal transformasiya bir-birindən ayrı proseslər kimi nəzərdən keçirilə bilməz. Rəqəmsallaşma iqtisadiyyatın transformasiyasında aparıcı rol oynasa da, onun əsas infrastrukturlarından biri olan data-mərkəzlər çox böyük həcmdə elektrik enerjisi istehlak edir.
Avropa Komissiyasının rəsmisinin fikrincə, buna görə data-mərkəzlərin inkişafı enerji sisteminin genişləndirilməsi ilə birbaşa əlaqələndirilməlidir. Yeni hesablama güclərinin yaradılması ilə paralel olaraq bərpaolunan enerji mənbələrinə, elektrik şəbəkələrinə və enerji səmərəliliyinə investisiyalar artırılmalıdır.
Teresa Ribera vurğulayıb ki, belə yanaşma yalnız Avropanın iqlim məqsədlərinə çatması üçün deyil, həm də iqtisadi rəqabət qabiliyyəti, enerji təchizatının təhlükəsizliyi və yeni iri infrastruktur layihələrinin yerli əhali tərəfindən qəbul edilməsi baxımından vacibdir.
Süni intellekt sistemlərinin sürətlə yayılması data-mərkəzlərin enerji tələbatını dünya miqyasında artırır. Böyük dil modellərinin hazırlanması və işlədilməsi, bulud xidmətləri və yüksək məhsuldarlıqlı hesablama infrastrukturu fasiləsiz və böyük həcmdə elektrik enerjisi tələb edir. Bu səbəbdən data-mərkəzlərin harada yerləşdirilməsi məsələsində elektrik enerjisinin qiyməti, şəbəkə imkanları və yeni generasiya güclərinə çıxış getdikcə daha mühüm amilə çevrilir.
Avropada müzakirə olunan yanaşma data-mərkəzlərin elektrik şəbəkəsinə əlavə yük yaratmasının qarşısını almaq və onların yeni təmiz enerji istehsalının yaradılmasında iştirakını təmin etmək məqsədi daşıyır. Bu, xüsusilə süni intellekt infrastrukturu üçün böyük həcmli investisiyaların planlaşdırıldığı ölkələrdə əhəmiyyətlidir.
Xorvatiyada keçirilən konfransda ümumilikdə Avropa iqtisadiyyatının iqlim və texnoloji dəyişikliklərə uyğunlaşması, dayanıqlı infrastruktur, innovasiyalar və rəqabət qabiliyyəti məsələləri müzakirə olunub. Tədbirdə yaşıl keçidin yalnız emissiyaların azaldılması deyil, həm də yeni texnologiyalar və yüksək əlavə dəyər yaradan biznes modelləri üçün iqtisadi imkan olduğu vurğulanıb.
Avropa təcrübəsi göstərir ki, gələcəkdə data-mərkəzin rəqabət qabiliyyətini yalnız server və hesablama avadanlığının gücü müəyyən etməyəcək. Ucuz və etibarlı elektrik enerjisinə çıxış, bərpaolunan generasiya, şəbəkənin dayanıqlılığı, enerji səmərəliliyi və soyutma infrastrukturu da investisiya qərarlarının əsas meyarları sırasında olacaq.