Madrid - üç məkan, üç fərqli hekayə, bir şəhər FOTOREPORTAJ
Madrid, 13 sentyabr, AZƏRTAC
İspaniya günəşli küçələri, zəngin tarixi, rəngarəng mədəniyyəti və özünəməxsus həyat tərzi ilə Avropanın ən fərqli ölkələrindən biridir. Paytaxt Madrid isə bütün bu rəngləri bir şəhərdə birləşdirir.
AZƏRTAC-ın fotoqrafı Madrid küçələrini lentə alıb. Kadrlarda şəhərin həm sakit, həm dinamik, həm də tarixi siması görünür.
Parque del Retiro — Madridin yaşıl ürəyi
Görüntülər bizi əvvəlcə şəhərin “yaşıl ürəyi” sayılan “Parque del Retiro”ya aparır. Ağacların arasından süzülən günəş işığı “Estanque Grande” — Böyük Gölün üzərində parıldayır, qayıqlar sakitcə suyu yarır. Madridin gurultusu burada bir qədər uzaqlaşır, şəhər sanki nəfəs alır.
Amma “Retiro”nun sakitliyindən ayrılıb küçələrə çıxdıqca mənzərə dəyişir. Addımlarımız bizi Madridin ən canlı nöqtələrindən birinə — “Puerta del Sol”a aparır.
“Puerta del Sol” — Madridin ürəyi, İspaniyanın “0” nöqtəsi
Adı “Günəş qapısı” mənasını verən “Puerta del Sol” şəhərin nəbzidir. Bura Madridin tam mərkəzi, simvolik olaraq isə İspaniyanın “0” nöqtəsi kimi qəbul edilir. Meydandakı “Kilómetro Cero” ölkənin əsas yollarının başlanğıc nöqtəsini göstərir.
Kadrlarda da meydanın ritmi aydın hiss olunur - hərəkət, insanlar və şəhərin dayanmayan gündəlik həyatı...
Lakin Madridin səs-küyündən bir qədər uzaqlaşanda şəhər yenidən sakitləşir. Bu dəfə qarşımıza onun əsrlərdən gələn siması çıxır.
“San Antonio de los Alemanes” — tarixin izləri
XVII əsrə aid “San Antonio de los Alemanes” kilsəsi Madridin tarixi yaddaşını yaşadan məkanlardan biridir. Xaricdən sadə görünən kilsənin daxilində isə zəngin freskalar və barokko üslubunun incə detalları diqqət çəkir.
Beləcə, AZƏRTAC-ın fotoqrafının obyektivindən Madridin üç fərqli mənzərəsi canlanır:
“Retiro” - sakitlik və yaşıllıq
“Puerta del Sol” - Madridin nəbzi
“San Antonio de los Alemanes” - tarix və sənət.
Üç məkan, üç fərqli ovqat... Bir şəhər — Madrid.
Fotoqraf - Nicat Haşımov