Gürcüstanda 12 illik təhsil könüllü olacaq – Bu sistemin üstünlükləri və çatışmazlıqları nədir?
Tbilisi, 13 sentyabr, AZƏRTAC
Gürcüstanda hazırda orta məktəblərdə 12 illik təhsil sistemi tətbiq olunur. Lakin bu ölkənin Təhsil, Elm və Gənclər Nazirliyinin 2027–2028-ci tədris ilindən əsas təhsil müddətini 11 ilə endirməyi, XII sinfi isə xaricdə təhsil almaq istəyənlər üçün könüllü formada saxlamağı planlaşdırdığı bildirilir.
Bəs, 12 illik təhsil sisteminin üstünlükləri və çatışmazlıqları nədir?
AZƏRTAC-ın Gürcüstandakı xüsusi müxbiri bu məsələ ilə bağlı araşdırma aparıb.
Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyindən bildirilib ki, 12 illik təhsil sisteminin tətbiqi ölkənin təhsil standartlarının beynəlxalq meyarlara uyğunlaşdırılması məqsədi daşıyır. Bu sistemin əsas üstünlükləri beynəlxalq standartlara inteqrasiya hesab olunur. Avropanın və Amerika Birləşmiş Ştatlarının ali təhsil müəssisələrinə qəbul zamanı minimum 12 illik orta təhsil tələb edilir. Bu sistem gürcüstanlı məktəblilərin xarici universitetlərə əlavə hazırlaşmadan (Foundation proqramı olmadan) birbaşa qəbul olunmasını təmin edir. Proqramın 12 ilə paylanması şagirdlərin akademik yükünü azaldır, daha rahat mənimsəməyə və psixoloji gərginliyin aradan qaldırılmasına şərait yaradır. Bundan başqa, bu sistem erkən peşə yönümü, yəni IX sinfi bitirənlər üçün peşə təhsilinə keçməyə, X-XII siniflərdə isə sırf akademiya və universitet istiqamətində ixtisaslaşmaq imkanı yaradır.
Qeyd edək ki, Gürcüstanda ibtidai təhsil I-IV, əsas təhsil VII-IX, tam orta təhsil isə X-XII sinifləri əhatə edir. Sonuncu model sosial və akademik müstəvidə müxtəlif müzakirələrlə müşayiət edilir.
Mütəxəssislər isə 12 illik təhsil sisteminin həm müsbət, həm də mənfi tərəflərinin olduğunu diqqətə çatdırırlar.
Marneuli rayon Təzəkənd kənd tam orta məktəbinin müəllimi Adilə İsmayılova deyir ki, XII sinfin effektivliyi o qədər də yüksək deyil. Məktəblilərin böyük əksəriyyəti sonuncu sinifdə dərslərə davamiyyəti zəiflədir və əsas diqqəti repetitor yanında milli qəbul imtahanlarına hazırlığa yönəldirlər. Bu hal 12-ci ilin effektivliyini aşağı salır. Burada daha bir faktor zaman və maliyyə itkisidir. Təhsil müddətinin 1 il uzanması ailələr üçün əlavə maliyyə yükü yaratmaqla yanaşı, gənclərin əmək bazarına daxil olmasını da ləngidir. Ona görə də proqramın uyğunsuzluğu məsələsi ortaya çıxır. Məktəbin sonuncu sinif proqramı ilə Milli Qəbul İmtahanlarının tələbləri arasında müəyyən fərqlərin olması dərslərə marağı azaldır.
Professor Nika Çitadze isə hesab edir ki, Gürcüstan məktəblərində XII sinfin həm mənfi, həm də müsbət tərəfləri var. Onun sözlərinə görə, Avropada vahid Boloniya sistemi mövcuddur. Bu sistem məktəblilərin 12 il ərzində müvafiq təhsil və təcrübə əldə etməsini nəzərdə tutur ki, bundan sonra onlar istər öz ölkələrindəki, istərsə də xaricdəki ali təhsil müəssisələrində təhsillərini davam etdirə bilsinlər. ”Hazırda bir çox Avropa universitetləri xarici tələbələrin12 il, yəni tam orta təhsil almasını tələb edir. Bu baxımdan Gürcüstan hökuməti də “11+1” proqramını nəzərdə tutub. Bir mənfi məqam da ondan ibarətdir ki, bir çox şagirdlər XII sinifdə faktiki olaraq məktəbə gəlmirlər. Onlar repetitor yanına gedir və milli imtahanlara hazırlaşırlar ki, sonradan bu imtahanlardan uğurla keçsinlər. Amma bunun müsbət tərəfi də var. Şagird məktəbə əvvəlki kimi davam etməsə belə, XII sinifdə əlavə bilik və təcrübə əldə edə bilər. Çünki XII sinifdə müxtəlif istiqamətlər üzrə müəllimlər və mütəxəssislər fəaliyyət göstərirlər. Onlar müxtəlif, o cümlədən təbiət elmləri, kimya və digər istiqamətlər üzrə şagirdlərə əlavə fərdi məşğələlər və dərslər təklif edirlər. Bu da şagirdə ayrı-ayrı fənləri daha mükəmməl və dərindən mənimsəməyə imkan verir”, - deyə o vurğulayıb.