Ekspert: Dövlət Proqramı Naxçıvanda turizm xidmətlərinin keyfiyyətini yüksəldəcək
Naxçıvan, 14 sentyabr, AZƏRTAC
Avqustun 20-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” qəbul olunub. Bu sənəd icra mahiyyətinə görə Naxçıvan Muxtar Respublikası üçün də mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası blokada şəraitində olmasına baxmayaraq, turizmin inkişafı istiqamətində ciddi nailiyyətlər qazanıb. Hazırda regiona turizm mövsümündə istər xaricdən, istərsə də ölkəmizin digər bölgələrindən xeyli turist gəlir. Onlar regionun zəngin turizm imkanlarından yararlanır və müsbət təəssüratlarla geri qayıdırlar.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisadçı ekspert Əli Cabbarov deyib.
O qeyd edib ki, turizm dinamik sahə olduğu üçün qlobal trendlərin nəzərə alınması, yeni inkişaf istiqamətlərinin tətbiqi və turistlərin dəyişən gözləntilərinə uyğun xidmətlərin formalaşdırılması zəruridir. Bu məsələlər Dövlət Proqramında da öz əksini tapıb. Sənəddə müəyyənləşdirilən 9 yeni prioritet çərçivəsində yeni turizm məhsullarının yaradılması, marketinq və brendinq, innovasiyalar, rəqəmsal inkişaf və süni intellekt alətlərindən istifadə kimi vacib məqamlar əhatə olunur.
Əli Cabbarovun sözlərinə görə, Dövlət Proqramı ölkəmizdə turizm xidmətlərinin keyfiyyətini daha da yüksəltməyə xidmət edir: "Ölkəmizə kifayət qədər turist gəlir və bu axından daha çox iqtisadi gəlir əldə olunması, eyni zamanda, milli mədəniyyətimizin və qonaqpərvərliyimizin tanıdılması baxımından bu addım olduqca əhəmiyyətlidir. Mövcud turizm gəlirləri potensiala tam cavab vermədiyindən sahənin yeni keyfiyyət mərhələsinə yüksəldilməsinə ehtiyac var".
Ekspert vurğulayıb ki, sənəd həm Naxçıvanda, həm də işğaldan azad edilmiş ərazilərimizdə turizmin inkişafı üçün yeni trendlərin müəyyənləşdirilməsi baxımından müstəsna rol oynayacaq: "Muxtar respublikaya çarter reyslərin təşkili, daxili turizmin inkişafı, xarici turistlərin cəlb olunması və kadr potensialının artırılması ilə bağlı Dövlət Proqramında mühüm müddəalar yer alır. Kadr hazırlığına gəlincə, hələ 2004-cü ildən Naxçıvan Dövlət Universitetində turizm ixtisası üzrə tələbə qəbuluna başlanılıb. Bu ildən isə tədrisi ingilis dilində aparılan “Turizm işinin təşkili” ixtisası açılıb. Qürurla demək olar ki, bu gün regionun turizm sektorunda çalışanların hamısı yerli mütəxəssislərdir".
"Zəngəzur dəhlizinin açılması ilə yaranacaq yeni turizm axınına da indidən hazırlaşmaq, yeni destinasiyalar müəyyənləşdirmək və brendlər formalaşdırmaq üçün Naxçıvanda geniş imkanlar var. Dövlət Proqramının icrası bu perspektivlərin reallaşmasına mühüm töhfə verəcək", - deyə Əli Cabbarov əlavə edib.
Müxbir- Nail Əsgərov