Parisdə Azərbaycan mətbəxinə böyük maraq: milli təamlarımız rəğbətlə qarşılanıb VİDEO
Paris, 14 sentyabr, AZƏRTAC
Parisdə Konkord meydanında dünya mətbəxlərini bir araya gətirən 10-cu Beynəlxalq Qastronomiya şəhərciyi yekunlaşıb. Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və “Azərbaycanın Dostları” Assosiasiyasının təşkilatçılığı ilə qurulan milli pavilyon ziyarətçilərin böyük marağına səbəb olub və rəğbətlə qarşılanıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə beş qitədən gələn aşpazlarla yanaşı, 80-dən çox ölkə öz milli mətbəxini və zəngin kulinariya irsini təqdim edir. Səfirliklər, istehsalçılar və sənətkarların da iştirak etdiyi tədbir müxtəlif xalqların qastronomik ənənələrinin tanıdılması üçün mühüm platformaya çevrilib.
Milli adət-ənənələrə uyğun bəzədilən Azərbaycan pavilyonunda “Gabala Hospitality Group”u və “Happy Day” şirniyyat evinin hazırladığı milli mətbəximizin seçilən nümunələri – plov, dolma, müxtəlif turşular, şəkərbura, paxlava, badambura, mürəbbələr, çay və digər məhsullar təqdim edilib. Həmçinin milli geyimlər, musiqi və rəqs nümunələri nümayiş olunub.
Azərbaycan mətbəxi də tədbirin diqqətçəkən təqdimatlarından biri olub. Azərbaycan stendində ölkənin zəngin və çoxşaxəli kulinariya irsi, milli yeməkləri və ənənəvi dadları ziyarətçilərə təqdim edilib. Azərbaycan mətbəxinin müxtəlifliyi, təbii məhsullardan istifadə ənənəsi, zəngin ədviyyatları və özünəməxsus hazırlanma üsulları tədbir iştirakçılarına ölkənin mədəni irsi ilə daha yaxından tanış olmaq imkanı yaradıb.
Azərbaycan mətbəxinin təqdim etdiyi plov, dolma, qutab, müxtəlif milli şirniyyatlar və digər ənənəvi təamlar ziyarətçilərin böyük marağına səbəb olub. Azərbaycan yeməklərini ilk dəfə dadan çoxsaylı iştirakçılar onların zəngin və özünəməxsus dadını yüksək qiymətləndiriblər. Ziyarətçilər Azərbaycan mətbəxini böyük rəğbətlə qarşılayıb və təqdim olunan təamlardan xüsusilə zövq alıblar.
Azərbaycan mətbəxinin təqdimatı yalnız milli yeməklərin nümayişi ilə məhdudlaşmayıb. Bu təqdimat ölkənin zəngin tarixi və mədəni irsinin qastronomiya vasitəsilə tanıdılmasına, eləcə də Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib.
Builki proqramda ekoloji məsuliyyət və qida israfına qarşı mübarizə xüsusi yer tutur. Bu çərçivədə tədbir zamanı toplanan ərzaq ianələrinin evsiz insanlara paylanması da nəzərdə tutulur.