Kubanıçbek Ömüralıyev: Gənclərin rəqəmsal biliklərlə yanaşı, milli və mənəvi dəyərlərə yiyələnməsi vacibdir
Bakı, 14 sentyabr, AZƏRTAC
Süni intellektin son dövrlərdə gənclərə təsiri əhəmiyyətli dərəcədə artıb. Bu baxımdan gənclərin süni intellekt və rəqəmsal texnologiyalardan düzgün istifadə etməsi ilə yanaşı, onların tərbiyəsinə və mənəvi dəyərlərinə də xüsusi diqqət yetirilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev jurnalistlərə açıqlamasında deyib.
“Gənclər bizim gələcəyimizdir. Onların tərbiyəsi çox vacibdir. Bu gün elm, bilik, rəqəmsal texnologiyalar və süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilib. Gənclər bütün bunları bilməli, müasir texnologiyalardan istifadə etməyi bacarmalıdırlar. Lakin bununla paralel olaraq onların milli, mənəvi və əxlaqi dəyərlərə yiyələnməsi də təmin edilməlidir”, – deyə TDT-nin Baş katibi vurğulayıb.
K.Ömüralıyev qeyd edib ki, elm və texnologiya ilə tərbiyə və mənəvi dəyərlər bir-birini tamamlamalıdır.
“Gənclərimiz elm və bilik sahəsində inkişaf etməli, rəqəmsal texnologiyalara yiyələnməlidirlər. Eyni zamanda, tərbiyə məsələsi də çox önəmlidir. Çünki gənclərimiz olmadan bizim gələcəyimiz yoxdur”, – deyə o əlavə edib.