Almaniya və ABŞ müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirir
Berlin, 16 sentyabr, AZƏRTAC
Almaniya və ABŞ müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə anlaşma imzalayıb.
AZƏRTAC xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius və ABŞ-nin müdafiə naziri Pit Heqset Vaşinqtonda silah sistemlərinin hazırlanması, istehsalı, lisenziya əsasında istehsalı və texniki xidmətini əhatə edən niyyət sənədi imzalayıblar.
Sazişin məqsədi müdafiə sistemlərinin daha sürətli və daha geniş istehsalına, eləcə də etibarlı təchizat zəncirlərinin yaradılmasına imkan verməkdir. B.Pistorius bildirib ki, Almaniyanın güclü sənaye bazası və yüksək texnoloji imkanları ABŞ-nin potensialı ilə daha sıx birləşdirilərsə, NATO-nun çəkindirmə və müdafiə üçün ehtiyac duyduğu sistemləri daha sürətli və daha böyük sayda təmin etmək mümkün olacaq.
Almaniya ABŞ-dən F-35 qırıcılarının alınması və istehsalı, eləcə də “Patriot” hava hücumundan müdafiə sistemi üçün raketlərin Almaniyada istehsalı üzrə əməkdaşlıq həyata keçirir. “Bild” qəzeti tərəflərin Almaniyanın “Tomahawk” qanadlı raketləri alması məsələsində prinsipial razılığa gəldiklərini yazıb.
Almaniya Müdafiə Nazirliyinin səfərlə bağlı məlumatına əsasən, Borus Pistoriusun ABŞ-yə səfərinin sonuncu dayanacağı Texasın Fort-Uort şəhəri olacaq. Burada Almaniya üçün sifariş edilmiş ilk F-35 qırıcısının təhvil verilməsi ilə bağlı mərasim keçiriləcək. Almaniya ümumilikdə 35 belə təyyarə sifariş edib. İlk səkkiz təyyarə alman uçuş və texniki xidmət heyətinin hazırlığında istifadə olunacaq.