Pekində 13-cü Syanşan Forumu keçirilir
Pekin, 16 sentyabr, AZƏRTAC
Çinin paytaxtı Pekində “Sabitlik üzrə konsensusun əldə edilməsi, təhlükəsizliyin idarə edilməsinin birgə inkişafı" devizi ilə 13-cü Syanşan Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki Çinin Milli Müdafiə Nazirliyinin və Hərbi Elmlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yüksəksəviyyəli təhlükəsizlik forumunda 100-dən çox ölkədən nümayəndələr, o cümlədən 60-dan çox nazir və hərbi lider, beynəlxalq və regional təşkilatların, analitik mərkəzlərin nümayəndələri, yüksəkrütbəli hərbçilər, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlər iştirak edirlər. Azərbaycanı nüfuzlu tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Forum çərçivəsində təhlükəsizlik, qlobal idarəetmə və regional məsələlər, hərbi texnologiya və beynəlxalq hüququn aliliyi də daxil olmaqla geniş sahələri əhatə edən 4 plenar iclas və 8 paralel sessiya da keçirilir. Forumda dünyanı narahat edən münaqişə və təhlükəsizlik problemləri, o cümlədən Ukrayna böhranı və Yaxın Şərqdəki problemlər də daxil olmaqla həssas mövzularda qapalı seminarlar da keçiriləcək.
Açılış mərasimində Çinin milli müdafiə naziri Don Cun, BMT Baş katibinin sülh əməliyyatları üzrə müavini Jan Pyer Lakrua, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev, ASEAN-ın Baş katibi Kao Kim Hourn və başqaları ölkələr arasında gərginliyin artdığı və səmimi dialoq imkanlarının getdikcə məhdudlaşdığı bir vaxtda Syanşan Forumunun əhəmiyyətindən danışdılar.
Qeyd edək ki, 2006-cı ildən keçirilən ənənəvi Syanşan Forumu yüksəkrütbəli hərbçilərin, dövlət rəsmilərinin, tədqiqatçıların, ekspertlərin iştirakı ilə dünyada, xüsusən də Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayır.